Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi praqmatik və uzaqgörən xarici siyasət nəticəsində dövlətimizin beynəlxalq arenadakı nüfuzu yüksək səviyyədə qərarlaşıb. Bugün Azərbaycanı Avropa İttifaqı ailəsində görmək istəyən ölkələrin sayı günbəgün artmaqdadır. Ona görə ki, xarici siyasətimiz, xüsusilə enerji sahəsində atılan müdrik addımlar Azərbaycanı strateji və etibarlı tərəfdaş ölkəyə çevrib.
Bir neçə gün öncə-Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə yenidən görüşü olub. Bu vacib əhəmiyyətli gorüş bir daha onu deməyə əsas verir ki, Azərbaycan balanslaşdırılmış siyasət aparmaqla həm regionda söz sahibinə çevrilib, həm də son zamanlar Avropa ölkələrinə enerji təchizatını yüksək səviyyədə həyata keçirərək, humanistlik,xeyirxahlıq prinsiplərinə əsaslanan qüdrətli dövlətdir. Aparılan böyük siyasət nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də olan inkişaf dövlətimizin maraqlarını layiqincə təmin edir. Ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmışdır. Bu il təxminən daha 30-40 faiz artacaqdır. Əlbəttə ki, bu, böyük sərmayə tələb edir. Ona görə Avropa İttifaqı ilə imzalanmış Memoranduma əsasən növbəti illərdə biz Avropaya qaz ixracatını ən azı iki dəfə artırmağı planlaşdırırıq. Əgər keçən il bu, 9 milyard kubmetr idisə, deməli, 2027-ci ildə bu, ən azı 18 milyard kubmetr olacaq. İndi yeni qaz yataqları istismara düşür, mövcud qaz yataqlarından hasilat artırılacaq. Azərbaycanın həm qazı, həm nefti, eyni zamanda, elektrik enerjisi də Avropa qitəsinə ixrac ediləcəkdir.
Bəli, bu göstəricilər məhz Azərbaycanın artan iqtisadi gücünün nəticəsidir. Hər zaman diplomatik müstəvidə, beynəlxalq platformalardakı çıxışı zamanı sülh, humanizm prinsiplərinə əsaslanan cənab Prezident Avropadakı görüşü zamanı bir daha humanist mövqedən çıxış edərək bildirdi ki, sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq.
Ümumilikdə bu görüşdən belə nəticəyə gəlmək olar ki, artıq Ermənistan tərəfi başa düşür ki, Azərbaycanın razılığı olmadan Cənubi Qafqazda hansısa bu və ya digər proses baş verə bilməz, bir sözlə Ermənistan siyasi rəhbərliyi Azərbaycanla hesablaşır və tam məsuliyyətlə dərk edir ki, hər hansısa xarici qüvvələrin Azərbaycanın prinsipial mövqeyinə təsiri qeyri-mümkündür. Nəticə etibarilə isə sülh prosesi tezləşməli və bu məsələ-nə qədər ki, erməni tərəfi üçün ağır nəticələr baş verməyib yekunlaşmalı, qısa müddətdə Azərbaycanın tələbləri icra olunmalıdır.
İlham Məmmədov,
Millət vəkili