Oktyabrın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib.
İclası açan komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə iki məsələ – ikinci oxunuşda olan “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Yaşıllıqların mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri daxil edilib.
Qanun layihələri ilə bağlı məlumat verən komitə sədri Sadiq Qurbanov vurğulayıb ki, sənədlərdə ekoloji təhlükəsizliyin artırılması, heyvanların mühafizəsi, ekosistemlərin qorunması və yaşıllıqların saxlanılması ilə bağlı müasir tələblər təsbit olunub. Qeyd olunub ki, bu sahədə müvafiq məsuliyyətlərin artırılması ekoloji mühitin mühafizəsinə və təbii ehtiyatların istifadəsinə müsbət təsir edəcək.
Komitə sədri qanunlara təklif olunan ətraf mühitin və yaşıllıqların mühafizəsi ilə bağlı qaydaların, cərimələrin tətbiqi dairəsi və ekologiyanın bəzi aktual məsələləri haqqında fikirlərini bölüşüb.
Qanun layihələrinin müzakirəsində komitə sədrinin müavini Fatma Yıldırım, deputatlar Eyvaz Qurbanov, Asif Əsgərov, Naqif Həmzəyev və Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov çıxış ediblər. Çıxış edənlər təqdim olunan qanun layihələri barədə qeyd və təkliflərini bildiriblər.
Deputatlar qanun layihələrini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda deputatlar Afət Həsənova, Vüqar Rəhimzadə, Rövşən Muradov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
/kanal32.az/