Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu Zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Şəhidlər ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.
Ana,sil gözünü mən hələ sağam
Şuşada bülbüləm, Laçında dağam
Sanma ki, ölmüşəm, bitibdi ömrüm
Mən şəhid olmuşam, cənnətdə bağam.
… Ananın gözləri pəncərənin qaranlığına dikilmişdi. Bətnində doqquz aydır ki, gəzdirdiyi övladını dünyaya gətirmək üçün xəstəxanaya gətirilmişdi. Binanın kəskin dərman qoxusu gələn havası onun burnunu qıcıqlandırır, boğazına yığılmış ağrının eşidilən səsə çevrilməsinə sayılı anlar qaldığını hiss edirdi. Bir tərəfdən həyəcan, diğər tərəfdən yeni övladının dünyaya gəlmə sevinci onun bütün bədənini çuğlamış,sarıb-sarmalamışdı. Dəhlizdə gözləyən qadınlar – ana və qayınana bu səssizlikdən narahat olmağa başlamışdılar. “Görəsən, gəlinin vəziyyəti necədir?” – sualı hər ikisinin beyninin məşğul edən yeganə düşüncə idi. Bir azdan—sübh namazının ilk çağırışında palatadan qadın fəryadı eşidildi. Bayırda gözləyənlər narahatlıqla ayağa qalxdılar və bir-birlərini təskin edən sözlərlə ovunmağa çalışdılar. Və eşidilən çağa səsi bu dəfə azanın get-gedə möhkəmlənən səsinə qarışıb harmoniya yaratdı. Dünyaya bir oğlan uşağı gəlmişdi…
Babasının adını verdilər ona: Habil. “Adını biz verdik, taleyini Allah yazsın”. – dedilər. Hələ kiçik yaşlarında anası Natəvan, atası Qulam kişi üçün bir dünya oldu balaca Habil. Böyüdü, böyüdükcə də özünəməxsus xarakteri formalaşdı. Hamıdan fərqli, hamıdan üstün mövqeyə doğru addımladığını nə Habil bilirdi, nə də valideynləri…
Natəvan ananın dediklərindən:
— Ağıllı, tərbiyəli, sakit, mehriban, ən əsası üzüyola uşaq idi. Ailəcanlı, zəhmətkeş idi. Elə ki bir az böyüdü, ailənin yükünün altına girdi. Təsərrüfat işləri ilə məşğul olaraq atasına, mənə kömək edirdi. Elə indi də onun əlinin zəhmətini yeyirik. Onun təsərrüfatda yetişdirdikləridir bizim bu gün əlimizdən tutan.
Bu yerdə ananın gözləri yol çəkdi. Mən isə Habilin şəklinə baxaraq düşünürdüm:”Görəsən, bu gənc ana qarşılaşdığı çətin sınaqdan necə keçəcək?” Hiss etdim ki, anaya mane ola bilmərəm. Özünün danışmasını gözlədim. Natəvan ana,nəhatyət, fikirdən ayrılıb zəif təbəssümlə mənə baxdı. Çözələnmiş xatirələrini bir yerə yığmağa calışaraq davam etdi:
— Habil ucaboy, yaraşıqlı oğlan idi. Əsgər gedəndə hündürləşdi, kişiləşdi birdən-birə. ( Bu yerdə bayaq şəklə baxarkən Habilin gözəl gözlərinin məsumluğunu xatırladım). Ciddi idi, çox ciddi. Ancaq güləndə də gözəl gülürdü, bu zaman yanaqları batırdı. Eyni zamanda sakit idi mənim balam. Qürurlu idi. Utancaq, düz danışan, rəhmdil, məsum idi Habil. Ümidim, pənahım idi. Bir az da küsəyən idi. Buna görə onunla ehtiyatla rəftar edirdim. Qorxurdum ki, xətrinə dəyərəm, incidərəm onu. Bax bu şəklə, — deyə Natəvan ana oğlunun sonuncu şəklini göstərdi.— burda incikdir bizdən. Axırıncı dəfə yanına getmişdik. O zaman çəkdirmişdik bu şəkli. Cəmi beş dəqiqə yanında olduq. İcazə vermədilər çox qalmağa. O da küsdü bizdən. “Doymadım sizdən” – dedi. Eh, ay bala, mən səndən doydum ki…
Ana yenə küskünləşdi. Oğlu ilə son görüşünü xatırlayıb susdu birdən-birə. Sonra gözləri dikilmiş nöqtəni sanki günahlandırırmış kimi əlavə etdi:
— Nə biləydim ki, son dəfə görürəm ciyər-parəmi. Buraxmazdım onu. Doyunca öpüb-qoxlayardım balamı. Can balam, şəhid balam, körpə quzum Habilim.
Mən də boğazıma düyünlənmiş yaşı uduraq anadan gözlərimi yayındırdım. Təskinlik vermək üçün sözlər də aciz idi bu an.
Ana davam etdi. Hiss olunurdu ki, oğlu haqqında danışmaqdan doymur.
— Ana-bala bir-birimizə çox bağlı idik. Vaxtının çoxunu mənimlə keçirmək istəyirdi. Uşaqlar nadinclik edəndə qardaşı və bacısını cəzalandırsam da, ona ürəyim gəlmirdi. Elə bilirdim ki, əmanət veriblər Habili mənə.Həmişə ürəyim narahat idi balamdan sarı. Nə vaxtasa onu kiməsə qaytaracam zənn edirdirdim. Elə də oldu. Vətən üçün böyüdürmüşəm Habilimi…
Abışov Habil Qulam oğlu 28 iyun 2004-cü ildə doğulmuşdur. O, 2010-cu ildə Qazaxbərə kənd ümumi orta məktəbinin birinci sinfinə daxil olmuş, Ruhəngiz müəllimdən dərs almışdır. 2019-cu ildə IX sinfi bitirib. 6 iyul 2022-ci ildə Neftçala Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmşdır.Hərbi xidmətin karantin dövrünü Gəncə şəhəri N saylı hərbi hissədə keçirmişdir. Karantin müddətini bitirdikdən sonra Qusar rayonu hərbi hissəsində Türkiyə dövləti tərəfindən təşkil edilmiş komanda təlimində üç ay kurs keçərək sertifikat almış, öz hərbi hazırlığını daha da möhkəmləndirmişdir.Sonra Ağcabədi rayonu 161 saylı hərbi hissəyə göndərilmişdir. 2023-cü ilin mart-aprel aylarında Hadrut hərbi hissəsində qulluq edib.2023-cü ilin may ayında yenidən Ağcabədi rayonu 161 saylı hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmişdir. 19 sentyabr tarixində başlanan döyüşlər zamanı Xocavənd istiqamətində hərbi əməliyyatlarda vuruşaraq qəhrəmancasına şəhid olmuşdur.
Qısa, lakin şərəfli bir yol keçib Habil! Təcümeyi-halı üç-dörd cümləyə sığsa da, qəhrəmanlığı səhifələrə sığmaz Habilin. On doqquz yaşlı balamızın şanlı, nümunəvi, gələcək nəsillərə örnək olan həyat kitabı var bu gün.
Ən çox sevdiyi, əlinə qələm tutmağı, “Ana”, “Vətən” kəlmələrini yazmağı, oxumağı öyrədən Ruhəngiz müəllimin dediklərindən:
— Məktəbimizin şəhid şagirdi Abışov Habil Qulam oğlu Neftçala rayonu Qazaxbərəsi kəndində 2004-cü il iyunun 28-də dünyaya göz açmışdır. Sakit, tərbiyəli,intizamlı şagirdlərdən biri idi. İllər keçdi,gözümüzün önündə böyüyən Habil Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollandı. 2022-ci ilin iyun ayında böyük sevinclə,təntənə ilə yola salındı.Hərbi xidmətini layiqincə yerinə yetirən Habil 2023-cü il sentyabrın 20-də azğın düşmənin gülləsinə tuş gəldi.Şəhidlik zirvəsinə ucaldı.Biz bu gün Habili fəxrlə anır, onun haqqında şagirdlərə sevə-sevə məlumat veririk.
Bu, Habilin sevimli müəlliminin onun haqqında xatirələridir. Habil bu gün təkcə Qazaxbərəsi sakinlərinin deyil, bütöv Azərbaycan xalqının yaddaşında dərin iz buraxaraq əbədiyyətə köçmüşdür. Bizim də borcumuz Habili, ümumən, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, anmaqdır.
Mən Habiləm, mən Poladam, mən İlqaram,
Mən yaşaram,ürəyimdə arzum var.
Mən şəhidəm, təki Vətən sağ olsun!
Sevin anam, cənnətdə bir oğlun var!
Müəllif: Ruhəngiz Əşrəfqızı,yazıçı-publisist