“Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmin təqdimatı olub-FOTO

Kanal32.az “Bugün.tv”yə istinadla xəbər verir ki, Gədəbəy rayon Heydər Əliyev Mərkəzində “Sağlamlığın Qorunması” İctimai Birliyinin təşəbbüsü ilə “Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmin təqdimatı keçirilib.

Filmin təqdimatında göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə, həmçinin çəkilişlər zamanı yaradılan əlverişli şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlova və onun əməkdaşlarına təşəkkür bildirilib.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbir Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovun çıxışı ilə açılıb. O, bu kimi layihələrin mədəni irsin təbliğindəki əhəmiyyətini vurğulayıb və filmin ərsəyə gəlməsində əməyi olan “Sağlamlığın Qorunması” İctimai Birliyinə və yaradıcı heyətə təşəkkürünü bildirib.Daha sonra “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, t.e.d. Yazgül Abdıyeva çıxış edərək rəhbərlik etdiyi qurumun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib.

Həmçinin Yazgül Abdıyeva xüsusi olaraq vurğulayıb ki, təqdim olunan film vasitəsilə Gədəbəy rayonunun zəngin mədəni və tarixi irsinin daha geniş auditoriyaya tanıdılması, eyni zamanda bu irsin gələcək nəsillərə ötürülməsi başlıca məqsədlərdəndir. Onun sözlərinə görə, bu cür təşəbbüslər həm milli kimliyin qorunması baxımından mühüm rol oynayır, həm də regionun turizm potensialının artırılmasına töhfə verir.

Tədbirin əsas hissəsində Qaladan Qala – Gədəbəy: Tarixi Abidələr Diyarı sənədli filmi təqdim olundu. “Qaladan Qala” – “Gədəbəy: Tarixi Abidələr Diyarı” sənədli filmi Azərbaycanın qədim tarixinin izlərini özündə yaşadan Gədəbəy rayonunun zəngin mədəni irsini, arxeoloji və memarlıq abidələrini, folklor və etnoqrafik xüsusiyyətlərini tamaşaçılara təqdim edir. Film, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Gədəbəydə yerləşən qala qalıqları, qədim körpülər, yaşayış məntəqələri, türbələr və daş abidələr vasitəsilə bölgənin tarixi yaddaşını canlandırır. Eyni zamanda ekran əsəri yalnız daş abidələrlə kifayətlənmir – aşıq sənəti, dastan və nağıl ənənəsi, bölgədə yaşayan Malakan icmasının gündəlik həyatı və qəhrəmanlıq tarixi də filmin əsas mövzularındandır. Kamera qarşısında canlanan bu irs, sadəcə keçmişə bir nəzər deyil, həm də gələcəyə tutulan güzgüdür. Film, qədim oğuz türklərinin bölgədə qoyduğu izləri, sıldırım qayalar üzərində ucalan qalaların monumental gözəlliyini və bu irsin qorunmasının vacibliyini dolğun şəkildə əks etdirir. Sənədli film vasitəsilə tamaşaçılar təkcə daşlar və divarlar arasında səyahət etmir, həm də bir xalqın ruhuna, yaddaşına və milli kimliyinə doğru mənəvi bir yolçuluğa çıxırlar. Layihə mədəni irsin qorunması və bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm bir sənədli töhfə hesab olunur.

Filmin nümayişindən sonra Media Təhlil Mərkəzinin audiovizual layihələr üzrə eksperti, telejurnalist Səidə İbrahimli çıxış edərək sənədli filmin çəkiliş prosesi və maraqlı məqamları barədə danışıb. O qeyd etdi ki, belə filmlər vasitəsilə bölgələrin mədəni və tarixi potensialı daha geniş auditoriyaya çatdırılır. N.Tusi adına klinikanın direktoru Afət Məhəmmədli sağlamlıqla mədəni irs arasında əlaqədən bəhs etdi. O vurğuladı ki, cəmiyyətin sağlam inkişafı yalnız fiziki deyil, mənəvi sağlamlıqla da sıx bağlıdır və bu baxımdan mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Şair-publisist Etibar Nadiroğlu bölgəyə dair ədəbi-bədii duyğularını bölüşdü. O, Gədəbəyin təbiətindən, tarixindən və insanlarının ruhundan ilham alan poetik təəssüratlarını dinləyicilərlə paylaşdı. AMEA-nın əməkdaşı, tarix elmləri doktoru İlham Həsənov Gədəbəyin tarixi abidələrinin elmi dəyərləndirilməsinə toxundu. O qeyd etdi ki, bölgədəki abidələr Azərbaycanın qədim dövlətçilik ənənələrinin sübutu kimi mühüm tədqiqat obyektləridir.

“İntellektual Hüquq Mərkəzi”nin direktoru, Dünya Türklərinin Koordinasiya Mərkəzinin rəhbəri, AYB üzvü, prezident təqaüdçüsü İlqar Türkoğlu isə çıxışında türk dünyasının ortaq irsində Gədəbəyin rolunu vurğuladı. Onun fikrincə, belə layihələr türk xalqları arasında tarixi bağların möhkəmlənməsinə töhfə verir.

AMEA Folklor İnstitutunun dosenti, t.ü.f.d. Aynur İbrahimova “Gədəbəy folklor mühiti: etnoqrafik zənginlik və milli düşüncə” mövzusunda çıxış edərək bölgənin elmi-folklor yaddaşını təqdim etdi. O bildirdi ki, Gədəbəyin şifahi ənənələri və etnoqrafik materialları Azərbaycan mədəni irsinin mühüm hissəsidir.

Prezident mükafatçısı, şair-publisist Aybəniz Qafarlı Gədəbəyin ədəbi-mədəni mühitinə dair fikirlərini bölüşdü. O vurğuladı ki, bu torpaq təkcə təbiəti ilə deyil, yetirdiyi sənətkar və ziyalılarla da zəngindir. Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair-publisist İntiqam Yaşar isə gənclərin yaradıcılığı və mədəni irsin təbliği istiqamətindəki təşəbbüslərin önəmini qeyd etdi. O bildirdi ki, yeni nəsillərin bu irsə sahiblənməsi milli kimliyimizin gələcəyi üçün mühüm şərtdir.

Çıxışlarda Gədəbəyin zəngin tarixi, mədəni və mənəvi irsi, bu irsin nəsillərarası ötürülməsi, sənədli filmin rolu və yaradıcı gənclərin dəstəklənməsi vurğulanıb.

Tədbirin bədii hissəsində qum rəssamı Lalə Hüseynzadənin və rəssam-ifaçı Emin Saqinin rəsmləri nümayiş olundu. Həmçinin Emin Saqi tərəfindən “Gədəbəy Tarixi” mahnısı səsləndirildi.

Y.Abdıyeva, eyni zamanda, film çəkilişləri zamanı yaradılan şəraitə görə Gədəbəy Rayon İcra Hakimiyyətinə təşəkkürünü ifadə edib, bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayaraq Orxan Mürsəlova təşəkkürnamə təqdim edib.

Tədbirdə Gədəbəy sakinləri, icra nümayəndələri və müxtəlif peşə sahibləri ilə yanaşı, Bakıdan və Rusiyadan da qonaqlar iştirak ediblər.

Qeyd edək ki, çəkilişlər “AS Production” tərəfindən həyata keçirilib.