QHT sədri:”Bu terror aktı İran dövlətinin təşkilatçılığı ilə baş tutub”

İranda Azərbaycan səfirliyinə qarşı edilən silahlı hücum gözlənilən idi. Çünki cənub qonşumuzdan uzun müddətdir ki, təhdid dolu bəyanatlar eşidirdik”. 

azbelediyye.az Kanal32.az-a istinadən xəbər verir ki, bu fikirləri “Milli İnkişaf” İctimai Birliyinin sədri,iqtisad elmləri üzrə fəlsəfə doktoru Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri hesab edir ki, baş vermiş hücumun kimlər tərəfindən, xarici və ya daxili qüvvələr tərəfindən həyata keçirilməsindən asılı olmayaraq bu hücumda məsuliyyət birbaşa İran dövlətinin üzərinə düşür və İran bu hadisədə birbaşa günahkardır:

“Ona görə də bir neçə ay əvvəl də İrandakı Azərbaycan səfirliyinə qarşı bir neçə bu tipli hücumlar olmuşdu. Səfirliyimiz qarşısında aksiyaların keçirilməsi, həmin aksiyalarda Azərbaycan əleyhinə təhdid dolu fikirlərin səsləndirilməsindən sonra İran dövləti oradakı səfirliyimizin təhlükəsizliyini ciddi şəkildə qorumalı, binanın mühafizəsini gücləndirməki idi. Ancaq görünən odur ki, İran dövləti buna qəti şəkildə maraq göstərməyib və nəticə etibarilə məlum hadisə baş verib. Bu da onu deməyə əsas verir ki, İrandakı səfirliyimizə silahlı hücumda İranın xüsusi xidmət orqanları da maraqlı olublar”.

Arzuman Muradlı hesab edir ki, İran qısa zamanda səhvini düzəltməli, cinayətkarı ən ağır şəkildə cəzalandırmalı və Azərbaycana qarşı bu kimi addımlardan çəkinməlidir:

“Hesab edirəm ki, bu hansısa bir şəxsin əlinı silah götürüb Azərbaycan səfirliyinə daxil olması deyil. Bu terror aktı İran dövlətinin günahıdır və hətta deyərdim ki, onun təşkilatçılığı ilə baş tutub. Bir ölkənin səfirliyinə hansısa silahlı bir nəfərin daxil olması onu deməyə əsas verir ki, həmin terrorçuya hansısa formada şərait yaradılıb, onun terror aktını həyata keçirməsinə həmin ölkənin xüsusi xidmət orqanları göz yumub. Məlumdur ki, səfirliklərin mühafizəsi adətən həmin ölkənin polisləri tərəfindən qorunur. Necə ki, Azərbaycanda bütün diplomatik nümayəndəliklər Azərbaycan polisi tərəfindən mühafizə olunur. Ona görə də kimsə terror aktı həyata keçirərkən gərək ilk növbədə həmin polisləri qətlə yetirsin. Ancaq bu hadisə çox müəmmalı şəkildə baş verib. Səfirliyi mühafizə edən İran polisinə heç bir xətər verilmədən silahlı şəxs Azərbaycan səfirliyinə daxil ola bilib”.

Arzuman Muradlı hesab edir ki, İran bu məsuliyyətsiz davranışına görə öz cavabını verməlidir:

“İran uzun müddətdir ki, bizi təhdid edir, ərazilərimizi işğal edən bir dövlətlə əməkdaşlıq edir. Eyni zamanda şərab içən erməni baş nazirinin xanımının müqəddəs məkanları ziyarət etməsinə şərait yaradır. Belə bir dövlət əlbəttə ki, bütün qatl cinayətlərə əl ata bilər. Ümumiyyətlə, İranda Azərbaycana qarşı çox böyük bir nifrət var. Ancaq ümid edirəm ki, bu nifrət İranın öz başında çatlayacaq. Çünki İran son hadisə ilə həddini aşdığını sübuta yetirdi”.