Rusiyanın Suriyada çirkin niyyəti – Əsəd ilə terrorçuları birləşdirməyə çalışır

“The Sirian Observer” Rusiyanın Suriya Ərəb Respublikasındakı xüsusi nümayəndəsi Aleksandr Lavrentyevə istinadən yazır ki, Rusiya PKK/YPG terror qruplaşmalarının üzvlərindən ibarət “Suriya Demokratik Qüvvələri” təşkilatının Bəşər Əsəd ordusuna inteqrasiyası üçün danışıqlar aparır.

Rusiyalı diplomatın sözlərinə görə, “Suriya Demokratik Qüvvələri”nin Suriyanın nizami ordusu ilə birləşdirilməsi YPG-nin Bəşər Əsəd hökuməti ilə razılaşmanı təşviq etmək təşəbbüsü çərçivəsində müzakirə edilir. Lavrentyev vurğulayıb ki, ölkənin şimalında vəziyyətin daha da pisləşməsinin qarşısını ala biləcək bu planın məqsədi Dəməşqin bütün Suriya üzərində hakimiyyətini bərqərar etməkdir.

Söhbət PKK/YPG terror qruplaşmalarının üzvlərindən ibarət “Suriya Demokratik Qüvvələri” təşkilatının Bəşər Əsəd ordusuna inteqrasiyasından gedir.

Bundan əvvəl “Suriya Demokratik Qüvvələri”nin liderləri Türkiyənin gözlənilən hərbi əməliyyatına qarşı Əsəd rejimi ilə əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Daha əvvəl bildirildiyi kimi, İrana bağlı şiə qrupları da PKK/YPG qüvvələri ilə koordinasiya aparır.

Bir neçə gün əvvəl Aleksandr Lavrentyev Rusiyanın “Kommersant” qəzetinə verdiyi geniş müsahibəsində Türkiyəni hərbi əməliyyatlardan çəkinməyə çağıraraq vurğulamışdı ki, əgər kürdlər Suriyanın şimalından Rakkaya çəkilsələr və indi nəzarət etdikləri əraziləri Bəşər əlinə verəcəklər. Əsəd ordusunun Türkiyənin yeni hərbi əməliyyat başlatması üçün heç bir səbəbi qalmayacaq.

Eyni zamanda, Rusiya xüsusi nümayəndəsinin sözlərinə görə, tərəflər hələlik bu məsələdə razılığa gəlməyiblər.

Ötən gün Rusiya Xarici İşlər nazirinin müavini Mixail Boqdanov da bildirib ki, Moskva Türkiyə ordusunun Suriya ərazisinə zərbə endirməsinin qarşısını almaq üçün səylərini davam etdirəcək.

Mixail Boqdanov Lavrentyevin tezislərini təkrarladı

Rusiya mətbuatı Boqdanovun sözlərini sitat gətirib: “Biz Türkiyə ilə təmaslarımızı davam etdiririk və siyasi və diplomatik razılığın əldə olunmasına ümid edirik”.

Beynəlxalq müşahidəçilərin fikrincə, Türkiyə Suriyanın şimalında hərbi əməliyyatları bərpa edərsə, Əsəd ordusu ilə birbaşa toqquşma riski kifayət qədər yüksək olacaq. Təsadüfi deyil ki, Türkiyə ordusu ilə qarşıdurmaya hazırlaşan Suriya rejimi ölkənin şimalına əlavə qüvvələr və zirehli texnikalar yerləşdirib.

PKK/YPG liderlərindən biri, “Mazlum Kobani” ləqəbli Ferhat Abdi Şahin iyunun əvvəlində “Reuters” agentliyinə deyib ki, Suriya ordusunun əsas köməyi Türkiyə Hərbi Hava Qüvvələrinin hücumuna qarşı hava hücumundan müdafiə sistemlərinin şimala ötürülməsidir.

Eyni zamanda, Forbes-in köşə yazarı Paul İddonun fikrincə, keçmişdə bu sistemlər kürd mövqelərini Türkiyənin hava hücumlarından qoruya bilməyib.

Suriya ordusunun zabitlərinin komandanlıq etdiyi Pantsir S1 və Buk-M2 hava hücumundan müdafiə sistemlərinə gəlincə, onlar Türkiyə pilotsuz təyyarələrinin hücumlarına qarşı kifayət qədər həssas deyillər.

“Son altı ildə baş verən hadisələr göstərdiyi kimi, Suriya ordusunun hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri Rusiyanın dəstəyi olmadan Türkiyə Hərbi Hava Qüvvələrinə təsirli müqavimət göstərə bilməz”, – Forbes-in köşə yazarı yazır. – Suriya ordusunun ən güclü zenit silahları 2018-ci ildə istehsal olunan və Rusiyanın  nəzarəti altında olan S-300 zenit-raket kompleksləridir. Beləliklə, Türkiyənin gözlənilən hücumunu cilovlamaq üçün Dəməşqin yeganə imkanı – Ankaranı Rusiyanın Suriyanın şimalına hücum planlarının əleyhinə olduğuna inandırmaq”.

azbelediyye.az