“Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinə start verildi-FOTOLAR

Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan, Mingəçevir Dövlət Universiteti (MDU) və Universitetin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə həyata keçirilən “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsinin icrasına başlanılıb.
KANAL32.az-a verilən məlumata görə,layihə Azərbaycan Respublikasının dövlət suverenliyinin möhkəmləndirilməsi, Konstitusiya dəyərlərinin gənclər arasında təbliği, eləcə də 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Zəfərin mahiyyətinin və milli əhəmiyyətinin gənc nəsil tərəfindən daha dərindən dərk olunması məqsədini daşıyır. Layihə çərçivəsində gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, dövlətçilik düşüncəsinin formalaşdırılması və milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi əsas prioritetlər sırasındadır.
Layihənin ilk mərhələsində “Azərbaycan Dövlət Suverenliyi: tarixi yolu və bu günü” mövzusunda maarifləndirici təlim təşkil olunub. Təlimdə dövlət müstəqilliyinin bərpası, suverenliyin qazanılması və qorunması istiqamətində Azərbaycanın keçdiyi tarixi yol, müasir dövrdə suverenlik anlayışının siyasi və hüquqi aspektləri, eləcə də postmüharibə dövründə ölkəmizin milli maraqlarının qorunması məsələləri geniş şəkildə təhlil edilib.
Layihədə “Azərbaycan müəllimi” mətbuat orqanının region təmsilçisi Aynur Araz, Mingəçevir Dövlət Universitetinin sosial məsələlər üzrə rektor müşaviri Elvin Məmmədzadə qonaq qismində iştirak edib. Təlim Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü, politoloq İnqlab Şirinli tərəfindən aparılıb. Təlimçi çıxışı zamanı gənclərlə interaktiv müzakirələr apararaq, suveren dövlət anlayışının yalnız hüquqi sənədlərlə deyil, milli şüur, ictimai məsuliyyət və fəal vətəndaş mövqeyi ilə möhkəmləndiyini vurğulanıb. Gənclərin sualları ətrafında baş tutan diskussiyalar təlimin praktiki əhəmiyyətini daha da artırıb.
Qeyd edək ki, “Suveren Gənclik: 44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində növbəti mərhələlərdə tematik təlimlər, panel müzakirələri, görüşlər və maarifləndirici fəaliyyətlərin keçirilməsi nəzərdə tutulur. Layihə gənclərin dövlətçilik dəyərlərinə sadiq, milli maraqları müdafiə edən və fəal vətəndaş kimi formalaşmasına töhfə verməyi hədəfləyir.
       
       
         
Kanal32.az