Teatrın tarixi ənənələrini özünə qaytaran quruluş-FOTOLAR

Ağdam  Dövlət  Dram  Teatrının tamaşası  haqqında…

Bu  komediya  1850-ci  illərdə  yazılmış,  Azərbaycan  maarifçiliyinin  ilk parlaq  nümunələrindən  biridir.  Mirzə  Fətəli  Axundzadənin  qələmə  aldığı  altı məşhur  komediyasından  biri  hesab  edilən  “Hekayəti  Müsyö  Jordan  Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” komediyasında  Şərq cəmiyyətində   geniş  yayılmış  cahillik,  mövhumat, cadugərlik,  avamlıq,  həmçinin  Avropa  elm  və  sivilizasiyasına  qarşı  primitiv  müqavimət  kimi  problemləri   satirik  dillə  ifşa  edir. Əslində  bu  əsərin  mərkəzində  iki  zidd  qüvvə  dayanır.  Avropada  təhsil  almış  fransız  təbiətşünası,  elm  və  rasional düşüncənin   daşıyıcısı   sayılan   Müsyö  Jordan,  digər  tərəfdə  isə  mövhumat  və  cadugərlik  “peşəsi”  ilə  xalqı  aldadan  uydurma  dini  mistikanın  rəmzi  hesab  edilən  Dərviş  Məstəli  şah.

Bu  günlərdə  Ağdam  Dövlət  Dram  Teatrının  səhnəsində  gənc  və  istedadlı rejissor  Fuad  Cavadzadənin  quruluşunda  Azərbaycan  Respublikası  Mədəniyyət Nazirliyinin  “Öyrədərək  öyrənirəm”  layihəsi  çərçivəsində  M.  F.  Axundzadənin “Hekayəti  Müsyö  Jordan  Həkimi-Nəbatat  və  dərviş  Məstəli  şah  Cadükuni-Məşhur”  eyni  adlı  komediyasının  motivləri  əsasında  hazırladığı  “Müsyö Jordanın  Qarabağ  sərgüzəştləri”  tamaşasının  premyerasında  iştirak  etdim.

İlk  öncə  qeyd  etməliyəm  ki,  maraqlı  rejissor  traktofkası  Ağdam  Dövlət Dram  Teatrının  tarixi  ənənələrini  özünə  qaytarmış  oldu.  Əslində   rejissor  Fuad Cavadzadə  müəllif  ideyasına  sadiq  qalaraq  əsərin  əsas  sujet  xəttindən  irəli gələn  elmin   mövhumata  qalib  gəlməsi,  cəmiyyətin  tərəqqiyə  doğru  yönəlməsinin  vacibliyi   prizmasından   çıxış  edərək  uğurlu  səhnə  həllini  təqdim  edə  bilmişdir. Rejissor  traktofkasına  görə  əsərin  süjet  xətti  və  dramaturji  quruluşu  əsasən  üç  mühüm  xətt  üzərində  inkişaf  edir.  Müsyö  Jordan  və  Şahbazın   Parisə  getmək arzusu, Şahbaz – Şəhrəbanu – Şərəfnisə  üçbucağı  və Dərviş   Məstəli   şahın   “cadugərlik”   fəaliyyəti.  Rejissorun  uğurlu  təqdimat  baxışı   daha   dolğun  və maraqlı  olmaqla  Şahbazın  bir  gənc  olaraq  elm  öyrənmək,  Avropa   mədəniyyətini  görmək  istəyindən  irəli  gələrək  maarifçilik və  modernləşmə  ideyasını  ifadə  etməsi  eləcə  də  Şəhrəbanu  xanımın  Avropa  və  elmi  inkişafdan qorxan   köhnə  düşüncəli  Şərq  qadın  obrazının  təqdimi  həmçinin   hadisələrin  inkişafı  fonunda  Məstəli  şah  tərəfindən  guya  göydəki  “cin  ordusunu”  hərəkətə  gətirərək   Parisə  “qəza-bəla   göndərdiyini”   iddia   etməsi  səhnədə  daha  dolğun  güclü  satirik  məzmunu  təşkil  edir.  Həmçinin  qeyd  etməliyəm   ki,  tamaşa   boyu   Müsyö   Jordan   obrazının  səhnə  təqdimatı  rejissorun  quruluş  ideyasından  irəli gələrək  surətin  həm  də  Avropa  elminin  Qafqaza   gəlişini   simvolizə   edir.  Rejissor öz  səhnə  quruluşu  ilə  bir  daha  cahil  xalqı   aldadıb   cadugərlik,  falçılıq,  ruhanilik   pərdəsi  altında  öz  mənfəətini  güdən  sarsaqlığın  rəmzi  olaraq  bütün  “möcüzələri”  baş  verən  hadisələrin  təsadüfən  üst-üstə  düşməsi  ilə  bağlılığını  ön  plana çəkməklə  xalqın  avamlığından  bəhrələnən  saxtakar  ruhani – mövhumat  tandemini  maraqlı  detallarla  ifşa  edir.  Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,  əsərin  bütün  konfliktləri   rejissor   traktofkasının  baxış  bucağında  elm – mövhumat qarşıdurması   ideyası   üzərində   qurulub.   Səhnə  quruluşunda  xüsusi  önəm  verilən  əsas  amillərdən  biri  də  məhz  dialoqların  çox  canlı  və  xalq  danışıq  dilinə  uyğunlaşdırılmasıdır.  Səhnə  quruluşunda  hər  bir  obrazın  özünəməxsus  danışıq  tərzi  var.

Komediyanın   əsas   surətlərindən   biri   hesab  edilən  Müsyö  Jordan  obrazını gənc  və istedadlı aktyor Anar Əhməd ifa edir. Obrazın xarakterik xüsusiyyətlərindən  irəli  gələrək  onun  xarici  görünüşü,  davranışı  və  danışıq  tərzi  yerli  insanlardan fərqlənir. Aktyor öz maraqlı ifa tərzi ilə bu kimi fərqləri daha böyük usatlıqla satira vasitəsilə qabarıqlaşdıra bilir. Aktyorun ifasında obraz həmçinin  elm,  mədəniyyət  və  Avropa  düşüncə  tərzinin  simvolu  olaraq  da təqdim  edilir.  Anar Əhməd öz ifa tərzi ilə yerli adət-ənənələri anlamayan, sadaladığı  elmi  terminləri  şişirdilmiş  şəkildə  təqdim  etməklə  baş  verən  hadisələri  həm  müsbət,  həm  də  satirik  planda  göstərə  bilir.  Məhz  aktyorun ifasında  bu  kimi  satirik  təqdimat  surətin  real, canlı  bir  obraz  olaraq  təqdiminə müvəffəq  olur.

Maraqla izlənən surətlərdən biri də aktrisa Zərifə Ağayevanın ifasında Şərəfnisə   obrazıdır. Şərəfnisə  pyesdə  Şahbazın  sevdiyi  qız,  eyni  zamanda  onunla   evlənmək  istəyən,  lakin  bir  sıra  maneələrlə  qarşılaşan  gənc  qadın surətidir. Aktrisanın  ifasında  bu  obraz  təbiətən  mehriban,  zərif,  utancaq  və  romantik  surət  olaraq  təqdim  olunur.  O,  qadın  qəhrəman  kimi  əsərin  emosional xəttini  özünəməxsus  ştrixlərlə  yaratmaqla  hadisələrin  inkişafında  mühüm  rol  oynayır. Qeyd  etmək lazımdır ki, Şərəfnisənin  simasında  dövrü  üçün  qadınların cəmiyyətdəki  sosial  mövqeyi  əks  etdirilir.  Bu  baxımdan  da  obraz  maraqla izlənilir. Şərəfnisənin – aktrisa Zərifə Ağayevanın ifasında ən mühüm bədii funksiyalarından  biri  də  onun  mövhumatın  qurbanı  kimi  göstərilməsidir.  Aktrisa həmçinin  obraz  vasitəsilə  göstərməyə  müvəffəq  olaraq  “cəhalət  qadınları  daha çox   təsir   altına   salır,  onları  öz  təbii  xoşbəxtliklərindən  uzaqlaşdırılır”  fikrlərinin bir  daha  göstəricisi  olaraq  maraqla  izlənilir.  Nəticə  etibarı  ilə  aktrisanın  ifasında  Şərəfnisə  əsərdə  sadə  “sevgili  qız”  obrazı  deyil,  əksinə  o,  Şərq  qadınının  cəmiyyət   içindəki   vəziyyətinin  bədii  modelidir. Onun  sevgi, qorxu, ümid  və  məyusluq  arasında  qalan  ruh  halı  əsərin  həm  sosial,  həm  də  emosional  qatlarını  tamamlayır.

Şahbaz  bəy  əsərdə  maarifçi,  elm  və  tərəqqi  arzusunda  olan  gənc  kimi təqdim  edilir.  O,  müasir  düşüncəli,  dünyagörüşlü və dəyişiklik istəyən Azərbaycan  gəncinin  bədii  simvoludur. Şahbaz  bəy  Fransaya  getmək,  Parisdə təhsil  almaq  və  dünya  mədəniyyətini  mənimsəmək  istəyir.  Bu  obrazı  aktyor Fərhad  Fərhadzadə  ifa  edir.  Aktyorun  ifasında  obraz  maarifçi  ideyaların daşıyıcısı  həmçinin  öz  dövrü  üçün  müdafiə  etdiyi  maarifçilik  ideyalarının  canlı ifadəsidir. Aktyorun təqdimatında Şahbaz bəy obrazı həmçinin qərbə yönələn, dəyişiklik  istəyən  müsbət  bir  tipdir.  Onun  xarakteri  köhnə-fikirliliklə  yenilik arasında  gedən  mübarizəni  təcəssüm  etdirir.  Qeyd  etmək  lazımdır  ki,  aktyorun ifasında  bu  obraz   eləcə  də  ictimai  idealların,  şəxsi  duyğuların  daşıyıcısıdır.  Bu  kimi  xüsusiyyətlər  isə  onu  pyesin  ən  obyektiv  və  “ağıllı”  personajlarından birinə  çevirə  bilir.  Aktyor  Fərhad  Fərhadzadənin  ifasında   Şahbaz  bəy  yalnız fərdi  qəhrəman  deyil,  həmçinin  mütərəqqi  Azərbaycan  gəncliyinin  simvoludur. Məhz   bu   simvolik   qat  aktyorun  ifasında  təqdim  edilməklə   maarifçilik  ideyasını  bədii  formada  gücləndirmiş  olur.

Tamaşa  boyu  maraqla  izlənilən  obrazlardan  biri  də  aktrisa  Afərdə Əhmədovanın  ifasında  Şəhrəbanu  xanım  obrazıdır.  Aktrisanın  ifasında  obraz sanki  tipik  Şərq  qadını  modelinin  nümayəndəsi  olaraq  təqdim  edilməklə  bütün düşüncə  tərzi,  davranışları,  qorxuları  və  inamları  dövrün  qadın  dünyasını təcəssüm etdirir. Aktrisanın ifasında Şəhrəbanu xanım obrazının ən mühüm xarakterik cəhəti onun  mövhumata  sonsuz  inamıdır. Bu  xüsusiyyət  Şəhrəbanu xanımı əsərin satirik hədəflərindən birinə çevirir. Aktrisanın ifasında Parisin cadularla  “dağıldığına”  inanması, Dərviş  Məstəli  şahın  dumanlı  sözlərini  ilahi həqiqət  kimi  qəbul  etməsi  və  eləcə  də  Müsyö  Jordanı  “cadugərin  hədəfi”  kimi görməsi   kimi  elementlər  obrazın  komediya  janrına  yaxın  etməklə  onu  daha  da  gücləndirə  bilir.  Səhnə personajı olaraq Şəhrəbanu xanım-aktrisa Afərdə Əhmədova  cərəyan  edən  hadisələr  fonunda  məhz  mövhumata  inanması  həmçinin  Müsyö  Jordan  və  Şahbazın  maarifçi  düşüncəsi  arasında  bir  təzad yaratması  ilə  xüsusi  olaraq  pyesin  ideya  yükünü  artırmış  olur.

Aktyor   Ramil  Hüseynzadənin  ifasında  təqdim  edilən  Hatəmxan  ağa  obrazı  maarifçilik  ideyalarından  uzaq,  fikirlərində  isə  əsasən  “eşitdiyi  sözlər”,  “qorxulu  rəvayətlər”  və  yerli  mühitin  inamlarına  söykənir.  Aktyorun  ifasında  obrazın  tipik  xüsusiyyətləri  kimi  Avropa  mədəniyyətindən  çəkinmə,  yeniliyə  ehtiyatla  yanaşma,  mövhumata  inanma  (tam  fanatik  olmasa  da,  təsir  altında  qalır)  çox vaxt  isə  qərarsızlıq  və  bir  qədər  sadəlövhlük  əsas  göstərilməklə  satirik   fonda  tənqid   obyektinə   çevrilə  bilir.  Obraz  əslində  tamaşa  boyu  cərəyan   edən   hadisələrin  burulğanında  cəmiyyətin  tərəddüd  içində  olan  hissəsini  simvolizə  edir.  Bu  baxımdan  aktyorun  ifası  maraqla  izlənilir.

Aktrisa Xəyalə Xudadatovanın ifasında təqdim edilən Xanpəri obrazı  davranış   həmçinin  düşüncə  tərzi  ilə dövrün məişət həyatını və xalq psixologiyasını  əks etdirə bilir. Xanpəri də pyesin qadın qəhrəmanlarının əksəriyyəti  kimi  mövhumatın  təsiri  altındadır. Tamaşa  boyu  cərəyan  edən hadisələr  fonunda  onun  bütün  reaksiyaları  əsərin  satirik  mahiyyətini   artırmaqla   mövhumata  qarşı   olan   marağının  daha  güclü  münasibətini  aydın  şəkildə  göstərə  bilir. Rejissor  traktofkasına  uyğun  olaraq  tamaşa  boyu  səhnədə   Xanpəri  obrazı  aktrisa  Xəyalə  Xudadatovanın  ifasında  cərəyan  edən  hadisələrdə sakit  fon  yaratmaq  üçün  deyil,  hərəkətverici,  komik  və  sosial  ideyanı  gücləndirən  bir  obraz  olaraq  təqdim  edilir.  O,  sadə  xalq  qadınının  düşüncə  tərzini,  mövhumata  aldanmasını  və  emosional  reaksiyalarını  özündə  birləşdirir.

Dərviş   Məstəli   şah  əsərin  əsas  satirik  obrazlarından  biridir.  O,  mövhumat,  cadugərlik   və  saxtakarlığın  canlı  təcəssümüdür.  Bu  obrazı  aktyor Qalib  Abdullazadə  ifa  edir.  Aktyorun  ifasında  Dərviş  Məstəli  şah  yalnız  fərdi  tip  deyil,  həm  də  cəhalət   və   mövhumatın  təcəssümüdür.  Əslində  Dərviş  Məstəli  Şah   obrazı  Şərq  mistisizmini,  xurafatını  və  onun  cahil  cəmiyyətdə  necə  təsirli olduğunu  tənqid  etmək  məqsədilə  yaradılmış  bir  satirik  obrazdır.  O,  “cadugar”  kimi   görünərək,  insanların   zəifliklərindən   batil   inanclar,  dünya  malına  hərislik və s.  istifadə  etməklə  öz  mənafeyinə  xidmət  edən  hiyləgər  bir  obraz  olaraq maraqla  baxılır.  Məhz  müəllif  ideyasına  uyğun  olaraq  rejissor  tarktofkasından  irəli  gələrək  aktyor  Qalib  Abdullazadə  də  obrazın  mahiyyət etibarı  ilə  düzgün  formada  təqdimatına  çalışmaqla  diqqət  mərkəzində  olmağı  bacarmışdır.

Tamaşada  həmçinin   məktub  gətirən  qasid (Camal  Zamanov),  nökər  (Tural  Yusifov),  xanəndə (Behbud  Əsgərov), tarzən  (Turan  Nərimanov)  və  kamançaçı (Yusif   Ziyadlı) kimi epizodik obrazları da aktyorlar tərəfindən yaddaqalan surətlər olaraq təqdim  edilir.

Tamaşanın  quruluşçu  rəssamı  Müşviq  Qarayevin, geyim üzrə rəssamı Qönçə  Həzizadənin  və  rəqslərin  quruluşu  olan  Şükür   Həsənzadənin  əməyi  də xüsusi  olaraq  qeyd  edilməklə  ümumi  ahəngin  qorunması  və  yeni  ruhda təqdiminə  tövhə  verdiyi  qeyd  edilməlidir.

Səhnədə  hər  bir  detalın  vəziyyətə  uyğun  işlənməsi  ümumi  bədii bütövlüyün formalaşmasında mühüm rol oynayır və quruluşçu rejissorun düşünülmüş yanaşmasını açıq şəkildə nümayiş etdirir. Heç bir səhnə elementi təsadüfi xarakter daşımır, əksinə, hər detal hadisələrin gedişinə, obrazların xarakterinə və ideyanın çatdırılmasına xidmət edir. Burada səhnə dekorasiyası tamaşa  boyu  dəyişən  situasiyalara  uyğun  olaraq  funksional  məna  daşıyır. Məsələn,  Məstəli  şahın  məkanı  qaranlıq  tonlar,  dar  və  sıx  mühitlə  təqdim olunaraq   mövhumat   və   gizli   cadugərlik   atmosferini   gücləndirir.  Bunun  əksinə  olaraq,  Müsyö  Jordanın  olduğu  səhnələrdə  daha  açıq  məkan  təsiri yaradılır,  rekvizitlər  (bitkilər,  kitablar,  alətlər)  elmi  marağı  və  rasional  düşüncəni  simvolizə  edir. Beləliklə, dekorasiya ideoloji qarşıdurmanın vizual ifadəsinə  çevrilir.

Qeyd etmək lazımdır ki, kostyum və rekvizitlərin işlənməsi də diqqətəlayiqdir. Obrazların geyimi onların sosial mövqeyini, dünyagörüşünü və daxili  aləmini  əks  etdirir.  Dərviş  Məstəli  şahın  geyimi  onun  saxta müqəddəsliyini  və  mövhumata  əsaslanan  fəaliyyətini  vurğulayır,  Müsyö  Jordanın  kostyumu  isə  Avropa  mədəniyyətinə  və  elmi  tərəqqiyə  bağlılığı bilavasitə  ifadə  edir.  Rekvizitlərin  səhnə  boyu  məqsədyönlü  istifadəsi  (kitab, bitki nümunələri, cadugərlik əşyaları, lampa, somavar və s.) hadisələrin  ümumi axıcılılığına  böyük  təsir  göstərir.  Həmçinin  tamaşada  səhnənin  hər  bir  detalı situativ  və  məntiqi  ardıcıllıqla  işlənərək  həm  komik  effekti  gücləndirir,  həm  də  əsərin  əsas  ideyasının — elm  və  cəhalət  qarşıdurmasının  tamaşaçıya  daha aydın  çatdırılmasına  xidmət  edir.

Beləliklə,  Ağdam Dövlət Dram Teatrının səhnəsində gənc və istedadlı rejissor olan Fuad Cavadzadənin quruluşunda təqdim olunan tamaşada Axundzadənin  əsas  ideyası  olaraq  elmi  düşüncə  ilə  mövhumatın,  rasional  ağıl ilə  xurafatın  toqquşması  canlı  və  təsirli  formada  təqdim  olunur.  Burada  hər  bir  səhnədə  aktyor  oyunu  xüsusilə  diqqətəlayiqdir. Belə ki, bəzi  hallarda obrazların  xarakteri  şişirtmə  və  komik  çalarlarla  verilsə  də,  bu,  əsərin  satirik ruhuna uyğundur. Dialoqların canlılığı, situasiya komizmi və milli koloriti tamaşanın  təsir  gücünü  artırır.

Son  nəticədə  tamaşa  yalnız  gülüş  məqsədi  daşımır, əksinə  maarifçi   çağırışı  edərək  cəmiyyətin  inkişafı  üçün  elmə, düşüncəyə  və  yeniliyə  açıq olmağın   vacibliyini   xüsusi  olaraq  vurğulayır.  Bu  baxımdan,  tamaşa  həm  klassik  irsin   müasir   formada  baxışı,  həm  də  aktual  sosial  mesaj  daşıyan  uğurlu  səhnə  əsəri  kimi  müsbət  qiymətləndirilə  bilər.

Anar  Ərtoğrul  Burcəliyev,

teatrşünas-tənqidçi

/Kanal32.az/