Zəngilan Şəhər Gününün ideoloji və strateji əhəmiyyəti-TƏHLİL

20 oktyabr Zəngilan Şəhər Günü Azərbaycanın çağdaş dövlətçilik tarixində və milli yaddaşında mühüm mənəvi-siyasi hadisə kimi dəyərləndirilməlidir. Eyni zamanda bu tarixə təkcə bir şəhərin işğaldan azad edilməsi kimi baxmalı deyilik. Bu gün həm də bütövlükdə Azərbaycan xalqının 30 ilə söykənən ədalət və suverenlik mübarizəsinin zəfərlə başa çatmasına gedən şərəfli yolunun rəmzlərindən biridir. Müahibərdən sonra informasiya savaşı apardığımız bir ərəfədə bu günün ideoloji əhəmiyyəti bizim üçün olduqca mühüm əhəmiyyət kəsb edir və özünü bir neçə istiqamətdə göstərir:

Milli qürur və qələbə ruhunun güclənməsi

Zəngilanın 2020-ci il oktyabrın 20-də erməni işğalından azad edilməsi Vətən savaşının gedişində mühüm dönüş nöqtələrindən biri oldu. Çünki həmin ərəfədə Azərbaycan Ordusu cəbhədə strateji və taktiki üstünlük qazandı.Bu həm də milli birliyinin və Ali Baş komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsi idi. Məhz bu kontekstdə Zəngilan Şəhər Gününün rəsmən qeyd olunması qazandığımız tarixi qələbə ruhunu yaşatmaqla bərabər, milli özünüdərkin və milli qürurun ideoloji təməlini möhkəmləndirməkdədir.

Böyük Qayıdış strategiyası fonunda yenidənqurma və yeni iqtisadi inkişaf modeli

Zəngilan bu gün Qarabağa, Şərqi Zəngəzura “Böyük Qayıdış” proqramının ilk simvollarından biridir. Burada “ağıllı şəhər”, “yaşıl enerji”, “ekoloji balans” , “yaşıl iqtisadiyyat” kimi ideyalar reallaşdırılır. Bütün bunlar postmüharibə dövründə Azərbaycanın sülh, inkişaf və gələcəyə yönəlik dövlət siyasətinin ideoloji ifadəsi kimi diqqət çəkir.

Ərazi bütövlüyünün bərpasına  və dövlət suverenliyinə gedən yol

Zəngilan Şəhər Günü Azərbaycanın ərazi bütövlüyünün bərpasının rəmzi kimi də qeyd olunur. Hazırda dövlətin ideoloji siyasətində suverenliyin qutsallığı-müqəddəsliyi, milli sərhədlərin toxunulmazlığı və xalqın dövlətçiliyə sədaqəti kimi dəyərlərin təbliği baxımından əhəmiyyət daşıyır.

Türk dövlətlərinin birliyi  fonunda yeni regional güc məfkurəsi

Zəngilan coğrafi baxımdan Zəngəzur dəhlizinin strateji qapısı kimi xüsusi yer tutur. Bu fakt Zəngilanı yalnız Azərbaycan üçün deyil, Türk dünyasının iqtisadi, mədəni və ideoloji birləşməsi baxımından da mühüm mərkəzə çevirir. Deməli, Şəhər Günü bu baxımdan Türk birliyi ideyasının genişlənməsinə və yeni iqtisadi güc mərkəzinin formalaşmasına xidmət edir.

Çağdaş tariximizin ən önəmli siyasi-ideoloji ismarışı – “Qarabağ Azərbaycandır!”

“Qarabağ Azərbaycandır!” şüarı altında işğaldan azad olunmadan qısa müddət sonra Zəngilanda mədəni-mənəvi irsin bərpasına yönəlik sistemli fəaliyyətlər tarixi ədalətin bərpası kimi diqqət çəksə də, əslində bu, milli kimliyin və tarixi-genetik yaddaşın qorunması baxımından ideoloji dayaq rolunu oynadı.

20 oktyabr Zəngilan Şəhər Günü həm daxili, həm regional, həm də beynəlxalq səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenlik mövqeyinin monolit dövlətçilik prinsipləri çərçivəsində ideoloji nümayişidir. Hazırda Azərbaycan Qarabağ üzərində tam suverenliyinin dəyişməz olduğunu simvolik şəkildə,amma beynəlxalq hüquq normaları əsasında bir daha dünyaya bəyan edir.

  Fikirlərmi ümumiləşdirərək deyə bilərəm ki, Zəngilan Şəhər Günü yalnız bir ərazi azadlığının qeyd olunduğu günü deyil. Bu tarix Azərbaycanın milli dirçəliş, vətənpərvərlik, dövlətçilik və sülh ideologiyasının təcəssümü kimi dərin mənəvi-siyasi, həmçinin strateji məna daşıyır. Bu gün gələcək nəsillərə “torpaq,yurd, milli qürur, milli birlik, bütövlük və suverenlik” dəyərlərinin əbədiliyini aşılayan mühüm ideoloji hadisədir.

İnqilab Şirinli,

Beynəlxlaq Jurnalistlər Federasiyasının üzvü,politoloq