Azərbaycan Respublikasının çox hörmətli Prezidenti
Cənab İlham Heydər oğlu Əliyevə
Surəti: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Sədri
Cənab Zaur Mikayılova
Zərdab rayonu, Dəliquşçu kənd sakini
İmaməliyev Natiq Yaqub oğlu tərəfindən
Ə R İ Z Ə
Çox hörmətli cənab Prezident!
Sizə böyük ümidlə, böyük inamla və səmimi xalq etimadı ilə müraciət edirəm. Çünki bu xalqın dayağı, ümidi və ədalət axtarışı daim Sizin ədalətli və prinsipial mövqeyinizə bağlı olub. Sizin rəhbərliyiniz dövründə hər bir vətəndaş arxayınlıqla müraciət edir ki, haqq-ədalət yerini tapacaq. Mən də bir kənd sakini, bir sadə Azərbaycan vətəndaşı olaraq bu inamla bu ərizəni yazıram.
Cənab Prezident!
Zərdab rayonunda fəaliyyət göstərən “Qoşaba” Su İstifadəçiləri Birliyinin sədri Vəliyev Eldəniz illərdir kənd camaatını incidən, onları maddi baxımdan əzən, dövlətin qanunları ilə yox, şəxsi maraqları ilə hərəkət edən bir şəxsdir. Bu şəxs suvarma məqsədilə kəndlilərdən qanunsuz şəkildə su pulu yığaraq, öz adına açdırdığı bank hesabına köçürtdürür. Su pulunun dövlət tərəfindən hektara 2 manat müəyyən edildiyi halda, Eldəniz Vəliyev vətəndaşlara 7–10 manat arası məbləğ yazaraq pul yığır. Nə rəsmi qəbz var, nə əsaslı izah. Bu, nə qanuna, nə ədalətə, nə də insafa sığır.
Bu adam dövlətin müəyyən etdiyi qiymətə suyu alır, ancaq kənd camaatına onu dəfələrlə baha qiymətə satır. Bu, açıq-aşkar mənimsəmə, korrupsiya və insan hüquqlarının tapdanmasıdır! Əgər bu gün bir vətəndaşın 2 manat ödəməli olduğu xidmət üçün ondan 10 manat alınırsa, bu, sadəcə maddi istismar deyil, mənəvi sarsıntıdır. Çünki kəndli həmin pulu ya uşağının dərmanından, ya da ailəsinin çörəyindən kəsib ödəyir.
Cənab Prezident!
Bu ədalətsizliyin miqyasını sizə sadə hesabla göstərmək istəyirəm. Təkcə Təzəkənd və Qoşaba kəndlərində illik orta hesabla 3 min hektar sahə suvarılır. Yay mövsümündə hər sahə təqribən 3 dəfə suvarılır. Bu da ümumilikdə 9 min hektar edir. Bu 9 min hektara görə 90 min manata yaxın vəsait yığılır. Ancaq bu vəsaitin cəmi 18 min manatı dövlətə ödənilir, yerdə qalan 72 min manatın taleyi isə qeyri-müəyyəndir. Bu pullar kəndlinin əlinin qabarı, alnının təridir. Və bu pulların izahı, hesabatı yoxdur.
Bu barədə dəfələrlə dövlət orqanlarına müraciətlər olunub. Hətta Eldəniz Vəliyevin pul məsələləri ilə bağlı kənd sakinləri ilə mübahisələri də olub. Lakin çox təəssüf ki, indiyə qədər heç bir səlahiyyətli qurum bu məsələni ciddi şəkildə nəzarətə götürməyib. Bu da insanlarda ədalətə olan inamı sarsıdır. Kəndli su içə bilmədiyi halda birinin milyonlara sahib olmasını qəbul edə bilmir.
Cənab Prezident!
Sizin illərdir dediyiniz bir fikri hər zaman özümə yol göstərici bilmişəm: “Xalqın məmuru xalqın xidmətçisidir.” Lakin bəzi şəxslər bu anlayışı unudaraq özlərini xalqın sahibi kimi aparır. Xalqın malını, pulunu, əziyyətini şəxsi gəlirinə çevirmək nə zamandan bəri xidmətdir?
Mən – İmaməliyev Natiq Yaqub oğlu, sadə bir kənd sakini, dövlətinə sadiq bir vətəndaş kimi Sizin ədalətinizə sığınıram və Sizdən xahiş edirəm:
Eldəniz Vəliyevin adına açılmış bank hesabı dərhal araşdırılsın və nəzarətə götürülsün;
Su pullarının toplanma qaydası və məbləği ilə bağlı bütün rəsmi və qeyri-rəsmi məlumatlar yoxlanılsın;
Uzun illər boyu kasıb kəndlilərdən qanunsuz yolla alınmış vəsaitlərə görə məsuliyyət müəyyən olunsun;
Əgər qanun pozuntusu sübut olunarsa, bu şəxsin qanun qarşısında cavab verməsi təmin edilsin.
Əlavə olaraq böyük xahiş edirəm:
Cənab Prezident!
Sizdən səmimi xalq etimadı ilə bir daha rica edirəm ki, Eldəniz Vəliyevin kəndlilərdən topladığı su pulları ilə bağlı məsələ həm vergi, həm də maliyyə orqanları tərəfindən ciddi şəkildə araşdırılsın. Bu şəxs rəsmi məmur olmasa da, faktiki olaraq illərdir bir məmur kimi hərəkət edir – amma nə qanunla, nə də dövlətə sadiqliklə.
Topladığı pulların cəmi az bir hissəsi dövlət büdcəsinə köçürülür, qalan vəsaitin isə taleyi qaranlıqdır. Bu isə həm dövlətin, həm də kəndlinin haqqının yeyilməsi deməkdir. Biz istəmirik ki, zəhmətkeş kəndlinin halal pulu kimsənin şəxsi cibinə getsin və bu, nəzarətsiz qalsın. Bu pullar uşaqların dərmanından, ailələrin çörəyindən kəsilərək ödənilir.
Bu səbəbdən xahiş edirəm ki, Azərbaycan Respublikasının Maliyyə naziri cənab Sahil Babayevə və Dövlət Vergi Xidmətinin rəisi cənab Orxan Nəzərliyə müvafiq göstəriş verəsiniz ki, Eldəniz Vəliyevin illərdir topladığı su pullarının mənbəyi, dövriyyəsi və dövlətə nə qədər ödəniş etdiyi dərindən araşdırılsın. Əgər bu işin arxasında vergi və maliyyə pozuntuları varsa, buna görə ciddi tədbirlər görülsün.
Çünki bu məsələ artıq təkcə bir kəndin problemi deyil — bu, bir sistemin içindəki ədalətsizliyin bariz nümunəsidir. Biz inanırıq ki, Sizin ədalətli və prinsipial mövqeyiniz bu problemi də işıqlandıracaq və zəhmətkeş kəndlinin haqqını qoruyacaq.
Əvvəlcədən Sizə dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Hörmətlə,
İmaməliyev Natiq Yaqub oğlu
09.07.2025
Əlaqə: 050-894-01-58