Müasir Azərbaycanın müstəqillik tarixi ümummili lider Heydər Əliyev şəxsiyyəti ilə o qədər ehtiva olunmuşdur ki, bu iki dəyəri bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Parlaq şəxsiyyətin tükənməz siyasi irsini öyrəndikcə onun yeni-yeni məna çalarları üzə çıxır. Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bayraqdarıdır. Tarixə nəzər salaq. Sovetlər dönəmində heç kimi cürət edib söyləyə bilmədiyi bir çox fikirləri məhz Heydər Əliyev söyləyirdi. Orta məktəbdə tədris edilən Azərbaycan tarixi dərsliyində bu gün yubileyini qeyd etdiyimiz şərəf tarixi adlandırdığmız Azərbaycan Cümhuriyyəti barədə yalnız kiçik bir qeyd var idi. Bu bir cümləlik fikir “1918-1920-ci illərdə Azərbaycanda milli burjuaziya hakimiyyətdə olmuşdur”. Lakin Azərbaycan tarixinin gözəl bilicisi Heydər Əliyev və digər ziyalı kəsmimiz bu tarix haqqında məlumat idilər.
Heydər Əliyev milli azadlıq mübarizəsini yeni mərhələyə yüksəltdi
Yeganə nümunələrdən biri kimi demək olar ki, Heydər Əliyev respublikaya ilk rəhbərliyi dövründə Bakı Dövlət Universitetinin 50 illik yubileyində çıxışı zamanı bu təhsil müəssisəsinin tarixinə toxunan zaman universitet yaradıcıları olan cümhuriyyət qurucularının ünvanına gözəl fikirlər səsləndirir. O, deyir: “Azərbaycan xalqının tarixində birinci ali məktəbin yubileyi elə bir hadisədir ki, onun ictimai əhəmiyyəti Azərbaycanın dövlət hüdudlarından çox-çox kənara çıxır. Bakıda universitet Azərbaycan xalqının həyatının ağır günlərində yaradılmışdır. Lakin bu gərgin vəziyyət universitet yaradılması uğrunda hərəkatın qarşısını ala bilməmişdi. Biz Azərbaycan xalqının bu və bir çox digər görkəmli oğullarına ona görə minnətdarıq ki, onlar zülmətli irtica və özbaşınalıq şəraitində Azərbaycan xalqının ictimai fikrinin, elm və mədəniyyətinin məşəlini göz bəbəyi kimi qorumuşlar”.
Azərbyacanın intelluktual kəsimi burada deyilən epitetlərin məhz cümhuriyyət qurucularına ünvanlandığını anlayırdı.
Müstəqlllik ideyalarının carçısı olan Heydər Əliyev Azərbaycanın tarixi irsinə sevgi bəsləyirdi. O, hələ Naxçıvana rəhbərlik etdiyi, SSRİ-nin mövcud olduğu bir vaxtda ilk fürsətdə öz arzularını gerçəkləşdirdi. Təsadüfi deyil ki, müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesi Naxçıvandan başlanıldı. 17 noyabr 1990-cı il tarixində Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Ali Sovetinin sessiyasında böyük dövlət xadiminin təşəbbüsü ilə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul olunması təklif edildi. Dahi şəxsiyyətin özünün işləyib hazırladığı və Ali Məclisdə yekdilliklə qəbul olunan “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” tarixi qərarda deyilirdi:
1. İlk Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi təsis edilsin.
2. Naxçıvan Muxtar Respublikasının digər dövlət rəmzi – Dövlət himni və gerbi haqqında məsələ öyrənilib Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verilsin.
3. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının bütövlükdə Azərbaycan SSR-in dövlət rəmzi kimi təsis edilməsi məsələsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan SSR Ali Sovetindən xahiş edilsin.
Bundan sonra yeni qəbul olunmuş dövlət bayrağı zala gətirildi və Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.
Heydər Əliyev bu hadisəni belə xatırlayırdı: “Naxçıvanda yaşadığım müddətdə burada cəsarətli addımlar atıldı. 1990-cı il noyabrın 17-də biz Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik etdiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq. Naxçıvan Muxtar Respublikasının dövlət atributlarını müəyyən elədik. Hələ Kommunist Partiyası da var idi, sovet hakimiyyəti də. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmalıdır. Çıxardıq və qərar qəbul etdik ki, Naxçıvanın milli bayrağı qəbul olunmalıdır – milli bayraq 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayraqdır. Bu bayrağı sessiyanın salonuna gətirdik, başımızın üstünə vurduq”.
Məhz bu fəaliyyətin nəticəsi idi ki, Azərbaycan xalqının istəyinə uyğun olaraq 18 oktyabr 1991-ci il tarixdə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Tarixi sənədin 2-ci maddəsində deyilir: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir”.
Heydər Əliyev: “Biz müstəqlliyə nail olmasaq tarix və gələcək nəsillər bizi bağişlamayaqcaq”
Heydər Əliyevin parlamentdəki ilk çıxışı müstəqllilk tariximizin ideoloji aspektlərini öyrənmək baxımından ən vacib konponentidir. Heydər Əliyevin bu çıxışı 7 mart 1991-ci il tarixdə yeni ittifaq müqaviləsinə qoşulmaq məsələsi müzakirə edildiyi zamana təsadüf edir. Həmin vaxt parlament ideoloji baxımdan iki cəbhəyə bölünmüşdü. Bir qisim Azərbaycanın ittifaqdan ayrılıb müstəqil, azad bir dövlət kimi yaşamasının tərəfdarı idi. Digər qisim isə Azərbaycanın ittifaq tərkibində qalmasına tərəfdar idi.Müstəqillik tərəfdarları Azərbaycan xalqının azadlıq istəyinin carçıları idi.
Bu siyasətçilərin önündə gələn Heydər Əliyev idi. Ulu Öndər parlamentdəki çıxışında SSRİ-nin siyasi-fəlsəfi mahiyyətini açaraq praktik nümunələr gətirməklə onun imperiya olduğunu bildirir və yeni bir ittifaqa girməyi Azərbaycan xalqı üçün rəva bilmirdi.
“Bir sözlə, mən yeni ittifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam. Azərbaycan xalqı artıq bu yola çıxmışdır. O, öz tarixini yenidən təhlil edir, yenidən qiymətləndirir, öz milli ənənələrini bərpa edir, milli köklərinə qayıdır. Respublikada aşağıdan, xalq kütlələri tərəfindən başlanmış milli dirçəliş, dövlət dirçəlişi hərəkatı inkişaf edir”, – deyə Ulu Öndər bildirmişdir.
Heydər Əliyev parlamentdəki ilk çıxışında ideoloji məsələyə özünün sərt və açıq münasibətini ifadə etmişdi. Ulu Öndər bu fikirləri söyləməklə respublika rəhbərliyini ölkənin formal deyil, real müstəqillik yolunu tutmasına, aydın ideoloji konsepsiya yaratmağa səsləyirdi. O qeyd edirdi: “Məmməd Əmin Rəsulzadə partiyasının ideyasını təmsil edən bayraqla ona zidd olan ideyanın banisinin büstünün sessiya keçən salonda yan-yana durması da təəccüb doğurur. Sadəcə desək, bu uyğunsuzluğu anlamaq çətindir. Bəlkə buna bir izahat vermək lazım idi?”
Heydər Əliyevin irəli sürdüyü müstəqil ideoloji konsepsiya tarixi varisliyə əsaslanırdı. O, özünü Xalq Cümhuriyyətinin varisi elan edən bir respublikanı sovet imperiyasına aydın münasibət bəsləməyə çağıraraq deyirdi: “28 May Azərbaycan dövlət quruluşunun dirçəliş günü kimi istirahət günü elan edilib. Məlumdur ki, 28 May 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Belə olan halda bu hadisəyə və 28 aprel 1920-ci il hadisəsinə siyasi qiymət vermək lazımdır. Bu məsələlər gərək Ali Sovetin sessiyasında müzakirə olunsun. İkitərəfli, daha açıq desək, ikiüzlü, qorbaçovsayağı siyasət xalqda inam doğura bilməz. Bu günlərdə Minsk şəhərində çıxış edərkən Qorbaçov kommunist olduğunu, Kommunist Partiyasına axıra qədər sadiq qalacağını təkidlə sübut etməyə çalışırdı. Fəqət öz andını Kommunist Partiyasına, Leninə, Oktyabr inqilabı ideyalarına tam zidd mövqe tutan Soljenitsının sözləri ilə əsaslandırırdı. Sual olunur: biz hansı məzhəbə itaət etməyə dəvət olunuruq?”
Heydər Əliyevin parlamentdəki bu çıxışından sonra Azərbaycanın müstəqillik tərəfdarı olan gənclərinin böyük liderin ətrafında birləşməsinə təkan verdi. Biz gənclərə Heydər Əliyevi sevdirən də məhz onun müstəqllik ideyalarının daşıyıcısı və bayaraqdarı olması idi. Xalq arasında Heydər Əliyev sevgisi artıqca səriştəsiz rəhbərlər onun qarşısını kəsmək üçün süni məniələr yaradırdılar. Bu manələrdən biri də Prezident seçkilərində iştirak üçün yuxarı yaş senzinin tətbiq edilməsi idi. Heydər Əliyevə qarşı yönəlmiş bu süni maniənin aradan qaldırılmasına qarşı yönəlmiş “Yaş senzi” mintiqlərinin təşkil edilməsində vətənpərvər Azərbaycan gəncliyinin iştirak etməsi də Heydər Əliyevin istiqlal və azadlıq uğrunda mübarizənin önündə getməsi idi. Heydər Əliyevin gənclər platforması da məhz bu siyasi şəraitdə formalaşdı. Biz gənclərə Heydər Əliyevi sevdirən məhz onun azadlıq sevdası idi. Tarix, zaman biz gənclərin yanılmadığını sübut etdi.
Heydər Əliyevin müstəqillik düşüncəsi tarixi şüura əsaslanır.
Ulu Öndər Heydər Əliyev çıxışlarının birində milli dövlətçilik şüurunun formalaşması kontekstində tarixi məsələlərə öz konseptual baxışını belə ifadə edir: “Bizim xalqımızın böyük, möhtəşəm tarixi var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik tarixi olubdur. Ən qədim dövrlərdən Azərbaycan torpağında əzəmətli dövlətlər olmuşdur. Orta əsrlər Azərbaycan dövlətçiliyi tariximizə gözəl nümunələr vermişdir. Şirvanşahlar dövləti, Atabəylər dövləti, Ağqoyunlular dövləti, Qaraqoyunlular dövləti, Səfəvilər dövləti – bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin tarixidir. Ondan sonra Azərbaycanda olan xanlıqlar da dövlətçilik xarakteri daşımışdır. XX əsrin əvvəlində, 1918-ci ildə ilk Azərbaycan Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr, 1920-ci ildən 1991-ci ilə qədər olan dövr Azərbaycanın həyatında xüsusi bir dövr olmuşdur. Azərbaycan müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan xalqı böyük bir inkişaf dövrü keçmişdir. Beləliklə, Azərbaycan torpağında ən qədim zamanlardan indiyə qədər müstəqil dövlətlər olmuşdur. Biz bununla fəxr edirik və fəxr edə bilərik”.
Heydər Əliyev müstəqilliyin ali məqsədi kimi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunmasına, xalqımızın özünü dərk etməsinə, öz mənliyinin sahibi olmasına fədakarlıqla, vətəndaş hünəri ilə çalışırdı. O, yalnız siyasi və iqtisadi deyil, həm də mədəni-mənəvi istiqlal uğrunda da əzmkar mübarizə aparırdı.
Heydər Əliyevin parlamentdəki ilk çıxışını araşdırdıqca müstəqilliyə münasibətdə əsrin əvvələrində mövcud olmuş kəskin fikir ayrılıqları diqqətimizi cəlb edir. Hələ Azərbaycanın Zaqafqaziya seymində olduğu bir vaxtda bir qrup şəxs Azərbaycanın müstəqil ola bilməyəcəyi, nicatımızın yalnız Rusiyada olduğunu səsləndirirdi. Lakin M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, F.X.Xoyski, N.Yusifbəyli isə Azərbaycanın müstəqilliyinə çalışır və bu ideyanı təbliğ edirdilər. Hələ 1917-ci ildə Bakıda Müsəlmanların birinci qurultayında çıxış edən Nəsib bəy Yüsifbəyli deyirdi: “Kim deyə bilər ki, biz özümüzü idarəetmə səlahiyyətində bir millət deyilik?!”
Bu tarixi nailiyyəti yüksək qiymətləndirən Heydər Əliyev qeyd edirdi: “XIX əsrdən başlanan mürəkkəb ictimai-siyasi proseslərin gedişi Azərbaycan cəmiyyətində əsaslı dəyişikliklərə gətirib çıxardı, yeni mühitdə formalaşan görkəmli ictimai və siyasi xadimlərimiz əsrin çağırış və tələblərinə layiqincə cavab verməyə qadir oldular. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəmin yarandı”.
Azərbaycan Xalq Cümhuriyyətinin irsinə ehtiram
Ulu Öndər Heydər Əliyevin 22 fevral 1998-ci il tarixili sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyi üzrə dövlət komissiyasının tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlər planında Azərbaycan Xalq Cümhuriyyəti irsinin yaşadılması fəaliyyət növünə görə aşağıdakı kimi qruplaşdırılmışdır.
1) Cümhuriyyət irsinin öyrənilməsi.
2) Cümhuriyyət irsinin təbliği.
3) Gələcək nəsillərə çatdırılması.
Sonradan biz cənab İlham Əliyevin fəaliyyətində Azərbaycan Xalq Cümhuriyyəti irsinə hörmətin ifadəsini gördük. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının çap edilməsini, Cümhuriyyət generalları Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovun, Cümhuriyyət ideoloqları M.Ə.Rəsulzadənin, Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun yubileylərinin keçirilməsi barədə sərəncamları nümunə gətirmək olar.
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyi sərəncama görə, görkəmli dövlət xadiminin nəvəsi Əməkdar rəssam Rəis Rəsulzadə Prezident İlham Əliyevə göndərdiyi təşəkkür məktubunu da Cümhuriyyət tarixinin bir parçası hesab etmək olar. Məktubda deyilir:
“Hörmətli cənab Prezident!
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı verdiyiniz sərəncama görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sərəncam bütün Azərbaycan xalqının sevincinə səbəb oldu. Bu, Sizin mənəviyyatımıza, mədəniyyətimizə, tarixi-dövlətçilik ənənələrimizə, istiqlal ideyalarına verdiyiniz bir töhfədir.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən M.Ə.Rəsulzadənin 110 illik yubileyi ilə əlaqədar sərəncam verilmişdi. Yenidən belə bir sərəncam imzalanması sevindiricidir. Bu, Xalq Cümhuriyyətinin banilərinə verilən layiqli qiymətdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan respublika bu gün müstəqil dövlət kimi dünya miqyasında öz layiqli yerini tutmuşdur.
Qüdrətli Azərbaycan dövləti quruculuğunda istiqlal ideyalarına sadiq olduğunuz üçün, ali dövləti fəaliyyətinizdə, xalqımızın və dövlətimizin gələcək inkişafı naminə apardığınız siyasətdə Sizə uğurlar, möhkəm cansağlığı, doğma Azərbaycanımızın daha da qüdrətlənməsində yeni nailiyyətlər arzulayıram”.
Azərbaycanın siyasi irsinə münasibətdə Prezident İlham Əliyev tarixi şüura söykənir. Dövlətimizin başçısı Azərbaycanın dövlətçilik ənənələrini yüksək qiymətləndirir. O, bildirir ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC mürəkkəb şəraitdə üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, Ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.
Cənab İlham Əliyev siyasi irsi yüksək qiymətləndirməklə, Ümummilli Lider Heydər Əliyevin siyasi varislik fəlsəfəsinə hörmətlə yanaşmaqla gələcək nəsillər üçün gözəl nümunə yaradır. İlham Əliyev deyir: “Xalqın istəyi və tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq”.
Heydər Əliyev irsini ən yaxşı əxz etmiş siyasətçi, peşəcə tarixçi diplomat olan cənab İlham Əliyev demişdir. “Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı – Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, demokratik cəmiyyət qurmaq… Azərbaycanda bu siyasətin alternativi yoxdur”.
21 sentyabr 1993-cü il tarixdə Prezident səlahiyyətlərini həyata keçirən Ali Sovetin Sədri Heydər Əliyev Azərbaycan Elmlər Akademiyasında ziyalılarla görüşdə deyib: “Azərbaycanda 1918-ci ildə ilk demokratik respublika yaradıldı. Bu, şübhəsiz ki, tarixi bir hadisədir. Azərbaycanın müstəqilliyi uğrunda son dövrlərdə gedən proseslərlə həm mətbuatda, həm də ictimai-siyasi proseslərdə ilk Azərbaycan Demokratik Respublikası böyük bir nailiyyət kimi qeyd olunub və onun gördüyü işlər yüksək qiymətləndirilibdir. Bu, təbii bir haldır, tariximizin böyük və parlaq bir mərhələsidir. Bu mərhələni biz layiqincə qiymətləndirməliyik və mən də bu gün sizin qarşınızda bunu bildirmək istəyirəm. Bəli, 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Azərbaycan tarixində böyük siyasi-ictimai hadisədir. Belə bir demokratik dövlətin mövcud olması və müəyyən qədər fəaliyyət göstərməsi Azərbaycanın sonrakı dövrlərinə təsir edibdir.
Düzdür, bu demokratik respublika cəmi 23 ay fəaliyyət göstərdi, sonra isə təslim oldu. Mən bu fikrə yenə qayıdacağam. Biz tariximizi həmişə obyektiv təhlil etməliyik və bugünkü nəslə, gələcək nəsillərə düzgün çatdırmalıyıq. Təəssüf ki, əvvəlki dövrlərə aid tariximizdə çox faktlar təhrif olunubdur, indi də təhrif edilir. Əgər o vaxt bir istiqamətdə təhrif olunurdusa, indi başqa bir istiqamətdə təhrif edilir”.
Sonra isə Heydər Əliyev tarixşünaslıq qarşısında yeni vəzifələr müəyyən edərək bildirir: “Tarixçilərimizin borcudur ki, bu qüsuru aradan götürsünlər. Ancaq biz deməliyik ki, demokratik respublika, onun liderləri Məmmədəmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyov, Məmmədhəsən Hacınski və başqaları çox böyük işlər görüblər. Onlar Azərbaycanı müstəqil bir dövlət kimi dünyanın bir qisminə tanıtdılar, bir neçə tədbir gördülər. Eyni zamanda onların fəaliyyətinin, ümumiyyətlə, uğursuzluğu təkcə ondan ibarət deyil ki, Azərbaycan 20-ci il aprel ayının 28-də qızıl ordu tərəfindən işğal olundu. Hələ həmin işğala qədər bu demokratik dövlət, demək olar, öz süqutuna gəlib çatmışdı. Tarixçilər yaxşı bilirlər ki, 23 ay ərzində bu dövlətin tərkibi beş dəfə dəyişib, bu dövlətdə, bu parlamentdə beş partiya iştirak edib: Müsavat Partiyası, İttihad Partiyası, Əhrar Partiyası, Sosialist Partiyası, hətta “Daşnaksütyun” partiyası. Bu parlament sistemi dövlətin yaşamasına imkan vermədi və ayrı-ayrı qruplar, partiyalar arasında gedən çəkişmələr, çarpışmalar, intriqalar özü-özlüyündə bu dövlətin adına ləkə vurdu. Mən bunu nə üçün deyirəm? Ona görə ki, biz bundan ibrət dərsi almalıyıq. Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq”.
Bəzi hallarda Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu zamanda baş vermiş hadisələrə obyektiv tarixi gerçəklik nöqteyindən yanaşılması zərurəti yaranır. Heydər Əliyevin yuxarıda qeyd olunan “Biz o dövrü, o demokratik hökumətin fəaliyyətini qiymətləndiririksə və belə bir mərhələnin tariximizdə olması ilə fəxr ediriksə, həmin proseslərin qüsurlarını da bilməliyik ki, o səhvləri daha buraxmayaq” fikirləri dövlətçilik təfəkkürünün təzahürü kimi qəbul edilməlidr. Bu mənada cənab Prezident İlham Əliyev tərəfindən İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsinə yönəlik tənqidlər obyektiv gerçəkiliyi əks etdirir. İrəvan məsələsi ilə bağlı Batumda əldə edilən razılaşmaları birtərəfli qaydada təsdiq edib rəsmiləşdirən Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclası bu məsələdə qərar qəbul etmək üçün səlahiyyətə malik deyildi. Belə ki, Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli iclasında Milli Şuranın 44 nəfər üzvündən cəmi 20 nəfəri iştirak edib, bu 20 nəfərdən də 16 nəfəri İrəvanın güzəştə gedilməsi təklifinin lehinə, 1 nəfəri əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb. Ərazi güzəşti kimi mühüm bir məsələnin həlli qərarı Milli Şura üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə qəbul edilə bilərdi. Bu iclasda isə Milli Şura üzvlərinin heç 50 faizi iştirak etmirdi. Bu mənada Milli Şuranın 29 may 1918-ci il tarixli iclasının qərarı legitim hesab edilə bilməz.
Tarixi təcrübə göstərir ki, hər bir xalqın hansısa əlverişli situasiyada milli-etnik soykökünə qayıdışı əsasən lider fenomeninin fövqəladə missiyası ilə şərtlənir. XX əsrdə Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyət olan Heydər Əliyev də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra siyasi reallıqdan çıxıb ideya formasında, azərbaycanlıların istiqlal duyğularında qığılcım kimi közərən milli dövlətçilik düşüncəsini ötən əsrin 70-ci illərinin əvvəllərindən başlamaqla əsrin sonlarına doğru müstəqil Azərbaycan dövləti kimi əzəmətli reallığa qovuşdurmuş, böyük fədakarlıqlar hesabına qurub-yaratdığı dövlətin sarsılmazlığını, demokratik yüksəlişini, müstəqilliyinin əbədiliyini, daimiliyini, dönməzliyini təmin etmişdir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev isə bu müstəqilliyin gələcək nəsillərə ötürülməsi üçün daha böyük tarixi missiyanı yerinə yetirmişdir. Tarixi varislik məslələrinə daima həssaslıqla yanaşan Prezident İlham Əliyev tarixi və siaysi baxımdan mühüm əhəmiyyət daşıyan 15 oktyabr 2021-ci il tarixində Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu təsdiq etmişdir. Qanunda deyilir: “1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir”.
Beləliklə adıçəkilən qanunla tarixi hadisələrə bir daha düzgün siyasi qiymət və doğru farmirovka verilmişdir.
Azərbaycanın müstəllik savaşının ən uca zirvəsi Azərbaycanın ərazi bütövlüyünün suverenliyinin tam bərpa edilməsidir ki, bunun da şəriksiz lideri Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Bölgədə yaranmış yeni reallıqlar Azərbaycan xalqının tarixi torpaqları olan Qərbi Azərbaycan qayıdış üçün münbit şərait yaradır. Bu mənada məhz Heydər Əliyevin irəli sürdüyü tarixi varislik konsepsiyası bizim bu platformada perspektivlərimiz gücləndirən ən güclü amilə çevrilir. 1918-ci ildə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi biz tarixi torpaqlarımıza qayıtmaq hüququmuzu özümüzdə saxlayırıq. Azərbaycan xalqının buistəyini Prezident İlham Əliyev özünəməxsus formada dəyərləndirərək erməniləri yersiz yerə təşviş keçirməməyi tövsiyyə edərək deyir: “Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, ancaq öz torpağımızı biz heç kimə verən də deyilik!”. Tarixi yaradan və yaşadan Azərbaycan sevdalısı liderimiz bizi tarixi torpaqlarımıza qaytmağımıza nail olacağımız gün uzaqda deyil! Müstəqlliyimiz dönməz və əbədi olsun! Tanrı Azərbaycanı qorusun!
Sadiq QURBANOV,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri