Gəncədə hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin toplanışı keçirilib-FOTO

Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə növbəti məşqi keçirilib.
Azbelediyye.az-a verilən məlumata görə Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və FHN-nin Gəncə Regional Mərkəzinin dəstəyi ilə “Azəralüminium” ASC-nin Gəncə Gil-Torpaq İstehsalat Sahəsinin ərazisində Gəncə Şəhər İcra Hakimiyyətinin hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.
Bununla əlaqədar olaraq, FHN-nin Gəncə Regional Mərkəzi və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası tərəfindən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin şəxsi heyəti ilə metodiki toplantı təşkil edilib.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbir çərçivəsində əvvəlcə Mülki Müdafiə xidmətləri və qüvvələrinin şəxsi heyəti xəbərdarlıq siqnalı üzrə əvvəlcədən müəyyən edilmiş toplanış yerinə cəlb olunub. FHN-nin Gəncə Regional Mərkəzinin Mülki müdafiə İdarəsinin şöbə rəisi, polkovnik-leytenanat Fuad Muradov ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə məşq üçün düzüldüyü barədə məlumat verib, daha sonra komandir-rəis heyətinin məruzələri dinlənilib.
Ərazi Mülki Müdafiə qüvvələrinin şəxsi heyətinə şəhər İcra Hakimiyyəti başçısının — şəhər Mülki Müdafiə rəhbərinin müvafiq sərəncamı çatdırılıb, şəxsi heyət, ştat cədvəlinə uyğun texnika, alət və avadanlıqlar yoxlanılıb, eləcə də onların funksional vəzifələri ilə bağlı bilikləri sorğulanıb.
Tədbirin sonunda məşqin rəhbəri — Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Mülki müdafiə işinin aparıcısı Yadigar Bədəlov və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov məşqi qənaətbəxş qiymətləndirərək, aşkar edilmiş çatışmazlıqları iştirakçıların diqqətinə çatdırıblar. Onlar bu çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün lazımi tövsiyə və tapşırıqlar veriblər..
Qeyd edək ki, məşqin keçirilməsində əsas məqsəd fövqəladə hadisələr zamanı qarşıda duran vəzifələrin yerinə yetirilməsi prosesində Mülki Müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış üzrə hazırlıq səviyyəsinin, rəhbər heyətin fəaliyyətinin, idarəetmə üzrə bilik və bacarıqlarının yoxlanılması və təkmilləşdirilməsidir. Eyni zamanda, şəxsi heyətdə əməli vərdişlərin formalaşdırılması, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili məqsədilə xəbərdarlıq sxemi üzrə toplanış müddətinin müəyyənləşdirilməsi də nəzərdə tutulur.