Ağdam rayonunun Çullu kənd sakinləri icra başçısı Vaqif Həsənovdan şikayətçidirlər və onlar iddia edirlər ki,məhz onun müdaxiləsi nəticəsində öz doğma kəndlərinin gələcəyi sual altındadır.Kənd sakinləri ölkə başçısı cənab İlham Əliyevə həm yazılı,həm də video şəklində müraciət ünavanlayıblar.
Azbelediyye.az redaksiyaya daxil olmuş həmin müraciəti olduğu kimi təqdim edir:
Müzəffər Ali Baş komandan,möhtərəm cənab İlham Əliyev, Ağdam rayonunun Çullu kənd sakinləri olaraq öz doğma kəndimizin ərazisindən Sizə müraciət edirik.Əvvəlcə torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyiniz şanlı tarixi xidmətə görə Sizə dərin minnətdarlığımızı bildirir,Şəhidlərimizə Tanrıdan rəhmət, qazilərimizə,döyüşçülərimizə sağlam həyat arzulayırıq. Əmin olun ki, hər zaman Sizi dəstəkləmişik və bundan sonra da belə olacaq.
Möhtərəm cənab Prezident,Sizə müraciət etməyimizin səbəbi rayonumuzun icra başçısı Vaqif Həsənovun kəndimizin tarixini silmək üçün atdığı addımlardır.O, buna var gücü ilə çalşır.Bu gün Sizin sayənizdə bütün Qarabağda sürətli qurucluluq işləri gedir,insanların öz doğma ata-baba yurdlarına qayıdışı təmin edilir. Ancaq təsərrüfat sayı çox olmasına baxmayaraq bizim kəndi başqa kəndə birləşdirmək, sakinlərimizi parçalamaqla Çullu adlı kəndi tarixdən silirlər. Dəfələrlə rayon icra hakimiyyətinin başçısına,qaçqınkoma müraciət etəsək də,onlar ən azından bizim səsimizi, qanuni haqqımızı Sizə çatdırmayıblar.İcra başçısı Vaqif Həsənov müxtəlif yollarla kənd sakinlərinə təzyiq göstərir ki, haqlı tələblərimizdən, öz doğma kəndimizə qayıtmaq istəyimizdən əl çəkək. Axı bizim kəndin qədim tarixi var,axı biz 30 il həsrətlə,min bir əziyyət çəkməklə bu günü gözləmişik.Ancaq indi bizə süni manelər tördədilir.İcra başçısı özünə və yaxınlarına məxsus fermer təsərüfatlarını bizim kəndin ərazisinə,oranın munbit torpaqlarına yerləşdirib milyonlar qazancaq deyə, biz ata yurdumuzdan növbəti dəfə didərgin salınmalıyıq?
Möhtərəm cənab Prezident,biz dövlətimizdən bizə ev tikməsini istəmirik. Biz dövlətimizə kömək məqsədi ilə öz kəndimizdə evlərimizi verilən layihəyə uyğun olaraq özümüz tikəcəyik. Yetər ki, oraya qayıdışımıza icazə verilsin, suni manelər yaradılmasın.
Sizə etdiyimiz bütün yazılı müraciətlərin şəxsən Sizə çatmasına imkan vermirlər.İcra hakimiyyəti yalandan üç-beş nəfəri toplayıb foto çəkdirib yuxarılara göndərir ki,guya bütün sakinləri dinləyib.Tam əmin olun ki,nə icra hakimiyyətinin başçısı, nə də Qaçqınkom real vəziyyəti, sakinlərin istəklərini Sizə olduğu kimi çatdırmırlar. Az-çox ümdimiz Sizin Ağdam üzrə Xüsusi nümayəndəniz Emin Hüseynovadır. Amma bizə elə gəlir ki, hansısa Ramiz Mehdiyev sayağı gizli əllər ona da təsir edir, ya da ona yalanlarla dolu məlumatlar verir.
Möhtərəm cənab Prezident,,bütün seçkilərdə Sizə səs verən Çullu kənd sakinləri olaraq Sizdən dönə-dönə xahiş edirik ki, icra başçısı Vaqif Həsənovun və digər cavabdeh qurumların yalan və əsasız məlumatlarına inanmayın.Çünki onlar öz qanunsuz əməllərini gizlətmək məqsədi ilə insanları şərləyib onların barəsində mənfi fikirlər formalaşıdırmağa çalışırlar. Biz dövlətimizi ürəkdən və təmənnasız sevən insanlar olaraq həmişə Sizin və dövlətimizin yanındayıq. Heç bir təxribatçı qüvvə bizi dövlətçi əqidəmizdən döndərə bilməz.
Möhtərəm cənab Prezident,,,Sizdən ən böyük istəyimiz və xahişimiz ondan ibarətdir ki,bizim öz doğma və tarixi kəndimizə qayıdışımızın təmin olunması üçün rəsmi qaydada göstəriş verəsiniz.Bir daha vurğulayırıq ki,öz evlərimizi özümz tikməyə hazırıq. Biz kəndimizin tarixdən silinməsini istəmirik.Səsimizə səs verəcəyinizə inanırıq. Diqqətinizə görə təşəkkür edirik.
Yaşasın Azərbaycan Ordusu,yaşasın dünya şöhrətli Müzəffər Ali Baş komandan İlham Əliyev! Qarabağ Azərbaycandır! Qarabağ bizim qan yaddaşımız, can yaddaşımızdır! Qarabağ dövlətə xəyanət edən, dövlətin, xalqın malını oğuralayanların pul yaddaşı deyil!
Müraciətin videosunu təqdim edirik:
Redaksiya olaraq bildiririk ki,qarşı tərəfin mövqeyini öyrənmək üçün Ağdam Rayon İcra Hakimiyyətinin 026- 325-00-05 və 026-325-03-33 telefon nömərlərinə zəng etsək də,dəstəyi qaldıran olmadı.Bütün hallarda onların mövqeyini dərc etməyə hazırıq.

