Əlbəttə, insan taleyi çox müxtəlif, ömür yolu enişli-yoxuşlu, ağlı-qaralı olur. Bəşər övladı uca Tanrının tale kitabını yazdıqca bəzən qarlı-boranlı, bəzən bahar ətirli günlər yaşayır. Ancaq məsələ bu deyil, iş ondadır ki, insan ömür çələngini mənəvi keyfiyyətlərlə, cəfakeş bağban ömrünə məxsus dəyərlərlə naxışlaya bilsin. Yaşadığı günlərini bir-birinə caladıqca mənliyini, varlığını xeyirxahlıq, səmimiyyət, mərdlik, qədirbilənlik, vəfa borcu, məsuliyyət hissi kimi təbii güllərlə bəzəsin. Davranışı, əməlləri ilə cəmiyyətə, ətrafındakılara nümunə olsun. Nə xoş ki, mənəviyyatını insanlıq düsturuna kökləyən, fəaliyyəti ilə qəlbimizdə minnətdarlıq hissi yaradan dostlarımız kifayət qədərdir.
Dövlətçiliyimizə, ailəsinə, doğma şəhərimizə, dostlarına sədaqət nümunəsinə çevrilən, müxtəlif illərdə ona tapşırılan vəzifələrə məsuliyyətlə və yaradıcı şəkildə yanaşan Nizami Cüma oğlu İsmayılov kimi.
Nizami müəllimi ölkə ictimaiyyəti, xüsusilə mingəçevirlilər, Akstafa və Şəki camaatı yaxşı tanıyır, işgüzarlığını, mehribanlığını, peşəkarlı-ğını yüksək qiymətləndirir. Mən Nizami İsmayılovun varlığını maraqlı və zəngin kitaba bənzədirəm. Bu kitabın səhifələri zərifliklə, həssaslıqla, qayğıkeşliklə, mərdliklə, bəzən də ağrı-acılarla, sınaqlarla, risqlərlə ilmələnib. O üzdən Nizami Cüma oğlunun şəxsiyyəti qəbulolunandı. Sözləri ilə əməlləri üst-üstə düşəndir. İnsanlara şirin və ehtiramla yanaşması kimi çalarlı xüsusiyyət Nizami müəllimi daha da arzuolunan, sevilən edir. Ədalət, həqiqətpərəstlik, məsuliyyət kimi prinsiplər isə onun insani keyfiyyətlərinin şah damarıdır.
73 il əvvəl Mingəçevirdə Kürün sağ sahilində halal bir ocaqda dünyaya göz açan Nizami İsmayılov kənd təsərrüfatı institutunu bitirdikdən sonra fəhlə kimi çalışarkən də, Yevlax Pambıq Təmizləmə zavodunda, Mingəçevir Avtobazasında, Balıq və İzolit zavodlarında, Mingəçevir Bələdiyyəsində müxtəlif vəzifələrdə, Akstafa və Şəki rayonlarında rəhbər işlərdə çalışarkən kollektivin xətir-hörmətini, ehtiramını qazanıb, ona həvalə olunan vəzifələri uğurla icra edərək əhalinin problemlərinin operativ həllinə nail olub. O, son illərdə Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində rəis vəzifəsində də işinə məsuliyyətlə yanaşıb. Rəhbərlik etdiyi kollektivlərdə sağlam və işgüzar mühit, əmək intizamı, maliyyə şəffaflığı yaradıb. Nizami müəllim üçün ən ümdə prinsiplərdən biri də işçilərin sosial-rifah halının yaxşılaşdırılmasına önəm verməsidir.
Nizami İsmayılovun ömür yolundan qırmızı bir xətlə keçən xüsusi məqam da var. O, 1993-cü ilin əvvəllərindən 8 ay müddətində Mingəçevir şəhərini un məhsulları və yanacaqla təmin edib. Hamıya məlumdur ki, sözügedən dövrdə ölkədə xaos, hərc-mərclik, hakimiyyətsizlik at oynadırdı. Əhalinin gələcəyə, dövlətə inamı sarsılmışdır. Bütün ölkədə olduğu kimi Mingəçevirdə də əhalinin gündəlik ərzaq məhsulları ilə, xüsusilə çörəklə təminatında çox ciddi problem yaranmışdı. Mingəçevir şəhər sovetinin sədri Məhəbbət Qarabağlının xahişi ilə Nizami İsmayılov şəxsi əlaqələrindən və nüfuzundan istifadə etməklə Nur şəhərini hər gün 70 ton unla, 20 ton yanacaqla təmin edib, bu isə əlbəttə, o dövrdə çox böyük xidmət idi. Bu məqamda yada salmaq lazımdır ki, o illərdə Qarabağ bölgəsi və ona yaxın yeddi rayon erməni işğalçıları tərəfindən zəbt edilmişdir. On minlərlə soydaşımız ölkənin bütün bölgələri kimi Mingəçevirə də məcburi köçkün kimi pənah gətirmişdir. Nizami İsmayılovun bu vacib missiyanı yerinə yetirməsi həm də məcburi köçkün soydaşlarımıza böyük qayğı idi.
Nizami İsmayılov ailədə də cəfakeş bağban ömrü yaşayıb. Bu gün onun 3 ali təhsilli övladı müxtəlif sahələrdə uğurla çalışır. Həyat yoldaşı isə pedaqoq kimi fəaliyyət göstərir.Təbii bir insan hamı üçün yaxşı ola bilməz. Adamların illərə sığınan haqqını, əziyyətini itirmək isə qətiyyən yol verilməzdi. Bu gün ömrünün 73-cü ilinə sığınan, ağsaqqal ucalığını könül rahatlığı ilə yaşayan Nizami İsmayılovun dəyərini bilmək, onun əməyini, əziyyətini qiymətləndirmək sadəcə insanlıq borcudur.
Samir Zəngəzurlu,
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Qızıl qələm” mükafatçısı,
“Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin baş mütəxəssisi