Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Mingəçevir şəhərində Peşə Təmayüllü Siniflərin əl işlərindən ibarət sərgi keçirilib.
Azbelediyye.az-ın məlumatına görə, müxtəlif peşələri əhatə edən əl işləri sərgisi İlqar Kişiyev adına 17 nömrəli orta məktəbdə gerçəkləşib. Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Mingəçevir şəhərindəki, Yevlax, Göyçay və Ağdaş rayonlarındakı məktəblərin “Peşə Təmayüllü Siniflər” layihəsi çərçivəsində şagirdlərin əl işlərindən ibarət rəngarəng əl işləri nümayiş olunub.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektorunun müdiri Anar Şəfiyev,sözügedən sektorun məsul əməkdaşları, Mingəçevir şəhəri üzrə Təhsil sektorunun müdiri Rüstəm Aslanov, media nümayəndələri və qonaqlar iştirak edib.
Şagirdlərin yaradıcılıq bacarıqlarını və əldə etdikləri təcrübi bilikləri əks etdirən müxtəlif nümunələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, sərginin keçirilməsində əsas məqsəd şagirdlərin peşə bacarıqlarını və yaradıcılıq potensialını nümayiş etdirmək, onların əmək bazarına hazırlıq səviyyəsini artırmaq, peşə təhsilinə marağı təşviq etmək və gələcək peşə seçimlərinə motivasiya yaratmaq olub.
Onu da xatırladaq ki, “Peşə Təmayüllü Siniflər” layihəsi 2019-2020-ci tədris ilindən tətbiq olunmağa başlayıb. Layihə çərçivəsində 4 profil üzrə dülgər, çilingər, aşpaz, kombi-kondisioner ustası, mebel quraşdırma, aqronom, dərzi, qənnadçı, bərbər, manikür və pedikür üzrə mütəxəssis, ofisiant və barista, foto və videoqraf, telefon təmiri üzrə usta, helpdesk, qrafik dizayner, kompüter operatoru peşə ixtisasları tədris edilir.









İxtiyar Həsənli,
“Azərbaycan Bələdiyyəsi”