Mingəçevir Dövlət Universiteti beynəlxalq ali təhsil məkanında növbəti mühüm nailiyyətə imza atıb.
Universitet UI GreenMetric Sustainable University Rankings 2026 nəticələrinə əsasən Azərbaycan üzrə 6-cı yerdə qərarlaşıb.Nəticələr 2026-cı ilin 24 sentyabr tarixində Bakıda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ev sahibliyi ilə keçirilən “UI GreenMetric Sustainable University Rankings 2026 Results & Awards Ceremony” çərçivəsində rəsmən elan olunub. MDU-nun rektoru Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə universiteti təmsil edib.

Mükafatlandırma mərasimində Azərbaycanın UI GreenMetric 2026 üzrə ən yüksək nəticə göstərən ali təhsil müəssisələrinin yekun mövqeləri açıqlanıb. Mingəçevir Dövlət Universitetinin ölkə üzrə 6-cı yerə yüksəlməsi universitetin dayanıqlı inkişaf, ekoloji məsuliyyət, yaşıl kampus yanaşması və resursların səmərəli idarə olunması istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin mühüm nəticələrindən biri olub.

Bu nəticəni xüsusi əhəmiyyətli edən məqamlardan biri MDU-nun paytaxtdan kənarda yerləşən universitetlər arasında Azərbaycanın ilk onluğunda yer alan yeganə ali təhsil müəssisəsi olmasıdır. Bununla da MDU region universitetləri arasında dayanıqlılıq və “yaşıl universitet” gündəliyi üzrə mövqeyini daha da gücləndirib.

Tədbirin əhəmiyyətini artıran digər mühüm məqam isə Azərbaycanın ilk dəfə UI GreenMetric Sustainable University Rankings nəticələrinin elan olunması və mükafatlandırma mərasiminə ev sahibliyi etməsi olub. 23–25 sentyabr tarixlərini əhatə edən beynəlxalq tədbirdə müxtəlif ölkələrdən universitet rəhbərləri, akademiklər və dayanıqlılıq üzrə ekspertlər iştirak edib. Proqram çərçivəsində dayanıqlı universitet idarəçiliyi, iqlim məsuliyyəti, yaşıl kampus, su və enerji resurslarının idarə olunması, rəqəmsal dayanıqlılıq və digər aktual istiqamətlər üzrə panel müzakirələri, vorkşoplar və elmi sessiyalar keçirilib.

Qeyd edək ki, UI GreenMetric 2026-da ölkə üzrə 6-cı yerin əldə olunması Mingəçevir Dövlət Universitetinin dayanıqlı inkişaf prinsiplərini universitet idarəçiliyinin və kampus həyatının mühüm istiqamətlərindən birinə çevirməsinin, eyni zamanda beynəlxalq reytinqlərdə mövqeyini ardıcıl şəkildə gücləndirməsinin növbəti göstəricisidir.
