Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş sədri Saleh Məmmədovla bağlı yeni iddialar gündəmə gəlib. Jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edərək keçmiş sədrin Almaniyada 24 hektar torpaq sahəsinin olduğunu iddia edib. O həmçinin qeyd edib ki, Saleh Məmmədov Almaniyada şəriklik əsasında iki yaşayış binası tikdirir: “Layihənin investisiya dəyəri 13–15 milyon avro civarındadır. 47 mənzilli tikinti layihəsinin rəsmi planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya ilin sonunadək tam istifadəyə verilməsi nəzərdə tutulub”.
Qeyd edək ki, jurnalist paylaşımında sözügedən əraziyə və binaya aid olduğunu bildirdiyi fotoşəkli də təqdim edib və görüntünün gerçəkliyi əks etdirdiyini vurğulayıb. Jurnalistin bu iddiası sosial şəbəkələrdə və ictimaiyyət arasında maraqla qarşılanıb. Xatırladaq ki, Saleh Məmmədov həm vəzifədə olduğu dövrdə, həm də postundan ayrıldıqdan sonra onun barəsində müxtəlif iddialar səsləndirilib. O, dəfələrlə ölkənin ən çox korrupsiya iddiaları ilə hallanan məmurlarından biri kimi təqdim olunub. Qeyd etmək lazımdır ki, Almaniyada 24 hektar torpaq sahəsinin qiyməti olduqca yüksəkdir. Təxminən bir neçə on milyon avro həcmində ola biləcəyi ehtimal edilir. Çoxmənzilli tikinti layihəsini də nəzərə alsaq təxminən 100 milyona yaxın investitisya layihəsindən söhbət gedir. Bu baxımdan, səsləndirilən iddia kifayət qədər ciddi araşdırma predmeti hesab oluna bilər.

Məlumatlara görə Saleh Məmmədov bütün bu layihələri Avtomobil Yolları Dövlət Agentliyində maliyyə idarəsinin rəisi işləmiş, oğluna etdiyi təmtəraqlı toyla gündəmə gəlmiş, kollektiv arasında maliyyə “dələduzu” kimi tanınan Müseyib Həmzəyevlə şərik edir. Hətta 2026-cı ilin İyul ayında Müseyib Həmzəyev uzunmüddətli Almaniyada olmuş (müvafiq orqanlar araşdıra bilər), ərazilərə baxış keçirmiş və orada da maliyyə sənədlərini nəzarətinə götürmüşdür. Maraqlıdır Almaniya höküməti bü cür dövlət əmlakını mənimsəyən, vəzifəsindən sui istifadə edərək korrupsiya əməlləri ilə varlanan insanlara niyə hər cür şərait yaradır? Digər bir tərəfdən maraqlısı odur ki, Almaniyada yaşayan bəzi blogerlər Saleh Məmmədov və onun komandasını müdafiə edən veriliş hazırlayaraq youtube efirinə vermişdir. Linki əlavə olunur (https://www.youtube.com/watch?v=grWj6jn5WeY)
Xatırladaq ki, Saleh Məmmədov 21 dekabr 2017-ci ildən 6 fevral 2026-cı ilədək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsində çalışıb. O, 6 fevral 2026-cı ildə Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Müseyib Həmzəyev isə Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə rəhbərlik etdiyi dövrdə qurumun baş maliyyə idarəsinin rəisi işləyib.
