MİNGƏÇEVİR BƏLƏDİYYƏSİNİN 2026-CI İLİN I YARIMİLİ ÜZRƏ FƏALİYYƏT HESABATI
Giriş
2026-cı ilin birinci yarımili ərzində Mingəçevir şəhər bələdiyyəsi Azərbaycan Respublikasının Konstitusiyasını, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunları və digər normativ-hüquqi aktları rəhbər tutaraq fəaliyyət göstərmişdir.
Hesabat dövründə bələdiyyənin əsas məqsədi yerli özünüidarəetmənin səmərəliliyinin artırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması, yerli əhəmiyyətli problemlərin həlli, şəhərin abadlaşdırılması və vətəndaş məmnunluğunun təmin edilməsi olmuşdur.
Təşkilati fəaliyyət
Bələdiyyənin iclasları təsdiq olunmuş iş planına uyğun keçirilmiş, şəhərin inkişafı, büdcənin icrası, torpaq münasibətləri, sosial məsələlər və digər aktual mövzular üzrə qərarlar qəbul edilmişdir. 6 ay ərzində bələdiyyə üzvlərinin 13 ümumi iclası keçirilmiş, 111 məsələ müzakirə olunmuşdur.
Daimi komissiyalar öz fəaliyyət istiqamətlərinə uyğun məsələləri araşdırmış, müvafiq təkliflər hazırlayaraq bələdiyyənin iclaslarına təqdim etmişdir.
Vətəndaşların qəbulu və müraciətləri
Hesabat dövründə vətəndaşların fərdi qəbulu mütəmadi təşkil edilmiş, bələdiyyə sədri və üzvləri tərəfindən məhəllələrdə səyyar görüşlər keçirilmişdir. Bələdiyyə sədri tərəfindən 242 nəfər fərdi şəkildə qəbul edilmiş, 6 məhəllədə sakinlərlə səyyari görüşlər olmuşdur.
Hesabat dövründə bələdiyyəyə vətəndaşlardan 570 ədəd ərizə və məktub daxil olmuşdur. Müraciətlər əsasən maddi yardımla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla, fərdi ev tikintisi üçün torpaq sahəsi ayrılması ilə, tikinti-təmir işləri, arayış alınması ilə və s. ilə bağlıdır.
Daxil olan müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılmış, həlli bələdiyyənin səlahiyyətlərinə aid olan məsələlər operativ həll edilmiş, digər müraciətlər isə aidiyyəti dövlət qurumlarına göndərilmişdir.
Səyyar görüşlər sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsinə, mövcud problemlərin yerində öyrənilməsinə və operativ tədbirlərin görülməsinə imkan yaratmışdır.
Sosial layihələr və humanitar fəaliyyət
Hesabat dövründə bələdiyyə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə, ahıl və tənha yaşayan insanlara xüsusi diqqət göstərmişdir. 24 nəfər imkansız və imtiyazlı şəxsə 3700 manat pul yardımı edilmişdir. Şəhid Kərimov Şahin Heydər oğlunun məzarüstü abidəsi hazırlanmış, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin və iştirakçılarinin, kimsəsiz şəxslərin dəfn mərasimləri bələdiyyə hesabına həyata keçirilmişdir.
Qurban bayramı, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə sosial aksiyalar keçirilmiş, ehtiyacı olan ailələrə müxtəlif yardımlar göstərilmişdir. Ümumiyyətlə, bələdiyyə 2026-cı ilin birinci yarımilində social layihələrə (yardımlara) 12480 manat vəsait sərf etmişdir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, milli-mənəvi dəyərlərin təbliği və sağlam həyat tərzinin təşviqi məqsədilə müxtəlif tədbirlər təşkil edilmişdir. Aşağıdakı tədbirlər bu qəbildəndir: 20 Yanvar – Ümumxalq Hüzn günündə “Müstəqillik yolunun ilk addımı” mövzusunda “Dəyirmi masa”, Xocalı soyqırımına həsr edilmiş “Tarixdən silinməyən həqiqət” mövzusunda Mingəçevirdə məskunlaşmış Xocalı sakinlərinin iştirakı ilə anım tədbiri, Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü münasibəti ilə “Dəyirmi masa”, 28 May – Müstəqillik gününə həsr edilmiş tədbir, 15 iyun – Milli Qurtuluş gününə həsr edilmiş “Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi” mövzusunda “Dəyirmi masa”, 26 iyun – Silahlı Qüvvələr gününə həsr edilmiş YAP şəhər təşkilatı ilə birgə keçirilən “Dəyirmi masa”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Gender bərabərliyi” mövzusunda keçirdiyi təlimdə iştirak, Mingəçevir Dövlət Universiteti ilə əməkdaşlıq əlaqələrinin inkişafına yönəlmiş Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi, bələdiyyədə fəaliyyət göstərən gənc könüllülərlə və bələdiyyədə təcrübə keçən tələbələrlə görüşlərin keçirilməsi, “Şəhərsalma və Memarlıq ili” ilə əlaqədar YAP şəhər təşkilatı ilə birgə ağacəkmə kampaniyası və “Dəyirmi masa” nın təşkili və s.
Abadlıq və ekoloji tədbirlər
Şəhərin müxtəlif yaşayış massivlərində abadlıq təşəbbüslərinə dəstək verilmiş, yaşıllıq sahələrinin qorunması və artırılması istiqamətində tədbirlər görülmüşdür.
Hesabat dövründə bələdiyyə tərəfindən şəhərin müxtəlif ərazilərində aşağıdakı abadlıq işləri görülmüşdür: Uzun müddət baxımsız qalmış Natəvan küçəsindəki yaşayış massivində torpaqlama, ərazinin hamarlanması, zibillərin daşınması və təmizlik işləri aparılmışdır. Sakinlərin müraciətləri əsasında Naxçıvan küçəsi, 48 saylı binanın arxa hissəsindəki boş ərazidə mini-park salınır. Layihə çərçivəsində ərazinin tam abadlaşdırılması, idman meydançası, uşaq əyləncə qurğuları və fəvvarənin tikilməsi, kölgəlik və oturacaqların qoyulması və s. işlərin görülməsi nəzərdə tutulub. Novruz bayramı ilə əlaqədar ümumşəhər tədbirinin keçirildiyi S. Vurğun parkının qarşısındakı tağlar təmir edilmiş, meydanda abadlıq işləri aparılmışdır. Bələdiyyənin inzibati binasının yanındakı xiyabanda müxtəlif növ gül və bəzək kolları əkilmişdir. N. Nərimanov küçəsi, 45 saylı binanın yaxınlığındakı mini-parkın su sistemi yenilənmişdir. Məhəllə komitələrinin müraciətləri əsasında M. P. Vaqif küçəsindəki 12 saylı binanın qarşısında yerləşən xeyir-şər mağarınin təmiri üçün tikinti materialları alənaraq sakinlərə verilmişdir. M. Maqomayev prospekti, 4, 6, 8, 10, 12 saylı binaların qarşısındakı xeyir-şər mağarları rənglənmişdir. Bələdiyyənin balansında olan qəbiristanlıqlarda torpaq işləri görülmüş, ağaclar budanmış, ərazilər səliqəyə salınmışdır.
2026-cı ilin birinci yarımilində abadlıq işlərinə bələdiyyə büdcəsindən 53173 manat vəsait ayrılmışdır.
Məhəllələrin sanitariya vəziyyətinin yaxşılaşdırılması, tullantıların vaxtında daşınması və ətraf mühitin mühafizəsi ilə bağlı aidiyyəti qurumlarla əməkdaşlıq edilmişdir.
Maliyyə fəaliyyəti
Bələdiyyə büdcəsinin gəlirlərinin artırılması istiqamətində tədbirlər görülmüş, yerli vergi və ödənişlərin yığılması işi davam etdirilmişdir.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əmlak vergisi 3,9 dəfə, fiziki şəxslərdən torpaq vergisi 43,2 faiz, icarəyə verilmiş torpaq sahələrindən icarə haqqı 11 faiz, mehmanxana xidmətindən alınan ödəniş 12,2 faiz, bələdiyyə ərazisində müəyyən edilmiş yerlərdə yaradılmış dayanacaqlardan alınan ödəniş 43,6 faiz, mövsümi ictimai-iaşə xidmətlərindən və bələdiyyənin digər fəaliyyətindən daxil olan ödəniş 3,84 faiz çox yığılmışdır. Ümumilikdə, bələdiyyənin 2026-cı ilin 6 ayında gəlirləri 200405 manat olmuşdur.
Büdcə vəsaitləri qanunvericiliyin tələblərinə uyğun olaraq məqsədyönlü və səmərəli istifadə edilmiş, maliyyə intizamının təmin olunmasına xüsusi diqqət yetirilmişdir.
Dövlət büdcəsindən ayrılmış dotasiya hesabına nəzərdə tutulan tədbirlərin icrası təmin edilmişdir.
Dövlət qurumları ilə əməkdaşlıq
Şəhərin inkişafı ilə bağlı məsələlərin həlli məqsədilə aidiyyəti nazirliklər, komitələr, icra hakimiyyəti, kommunal xidmət təşkilatları və digər qurumlarla əməkdaşlıq davam etdirilmişdir. Mərkəzi və yerli İcra Hakimiyyətlərindən və digər dövlət qurumlarından 177 ədəd müraciət daxil olmuşdur.
Bir sıra müraciətlər əsasında şəhər sakinlərini narahat edən problemlərin həlli istiqamətində birgə tədbirlər görülmüşdür.
Beynəlxalq əlaqələr
Hesabat dövründə bələdiyyə sədri və üzvləri müxtəlif beynəlxalq tədbirlərdə iştirak etmişlər. Bələdiyyə sədri Moldovanın Kişinyov şəhərində keçirilmiş “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” İdarə Heyətinin iclasında iştirak etmiş, təşkilatın 15 illiyinə həsr olunmuş konfransda spiker qismində çıxış etmişdir. Sədr “Merlər Razılaşması – Şərq Tərəfdaşlığı” layihəsi çərçivəsində Bakıda və Naxçıvanda təşkil olunmuş beynəlxalq maarifləndirici tədbirin iştirakçısı olmuşdur. Bələdiyyə sədri Mingəçevirlə “qardaşlaşmış” Belarus Respublikasının Polotsk şəhərində “Şəhər günü” tədbirlərində nümayəndə heyətində təmsil olunmuşdur. Bələdiyyə sədri və üzvləri Avropa Birliyinin dəstəyi ilə Bakı şəhərində keçirilmiş “SECAP tədbirlərindən hazır layihələrə: Layihələrin hazırlanması” mövzusunda beynəlxalq seminarda iştirak etmişlər.
Bələdiyyənin beynəlxalq platformada fəal iştirakı şəhərimizin dayanıqlı inkişafı, ekoloji təşəbbüslərin genişləndirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
İctimaiyyətlə əlaqələr
Bələdiyyənin fəaliyyəti ictimaiyyətə mütəmadi çatdırılmış, görülən işlər barədə məlumatlar kütləvi informasiya vasitələrində və sosial media platformalarında yayımlanmışdır. Bələdiyyənin saytında (mingechevir-belediyye.az), bələdiyyənin Facebook, İnstagram, Tik-Tok səhifələrində və digər mətbu orqan və sosial şəbəkələrdə keçirilən bütün tədbirlər, sosial, ekoloji layihələr barədə məlumatlar ictimaiyyətə çatdırılmışdır.
Şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi məqsədilə hesabatlılıq prinsiplərinə ciddi əməl edilmişdir.
Qarşıda duran vəzifələr
2026-cı ilin ikinci yarısında yerli büdcə gəlirlərinin artırılması, yeni sosial layihələrin həyata keçirilməsi, məhəllələrdə abadlıq işlərinin genişləndirilməsi, yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi, vətəndaş müraciətlərinin operativ həlli və əhali ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi əsas prioritetlər olacaqdır.
Mingəçevir bələdiyyəsi bundan sonra da qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərərək şəhərin inkişafına, sakinlərin rifahının yüksəldilməsinə və yerli özünüidarəetmənin nüfuzunun artırılmasına xidmət edən layihələrin həyata keçirilməsini davam etdirəcəkdir.