Mingəçevir Dövlət Universiteti (MDU) ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən olan Marmara Universiteti arasında Anlaşma Memorandumu imzalanıb.
Universitetdən KANAL32.az-a verilən məlumata görə, bu münasibətlə rektor Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Marmara Universitetində səfərdə olub.
Nümayəndə heyətinin Marmara Universitetinin rektoru Mehmet Emin Okur ilə görüşündə Azərbaycan və Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətlərinin ali təhsil, elm, innovasiya və insan kapitalının inkişafı sahələrində konkret layihələrlə daha da möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb. Universitetlər arasında uzunmüddətli, nəticəyönümlü və qarşılıqlı faydalı tərəfdaşlığın qurulması, tələbə və müəllimlər üçün beynəlxalq imkanların genişləndirilməsi, eləcə də birgə elmi potensialın formalaşdırılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
İmzalanmış Anlaşma Memorandumunun əsas məqsədi tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə mübadilə və əməkdaşlıq proqramlarının yaradılması, tədris və tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi, birgə elmi layihələrin hazırlanması, tələbə, müəllim və əməkdaş mübadiləsinin təşviq edilməsidir.
Görüşün əsas nəticələrindən biri Mingəçevir Dövlət Universiteti ilə Marmara Universiteti arasında strateji əməkdaşlığın daha səmərəli, sistemli və ölçüləbilən nəticələr əsasında inkişaf etdirilməsi məqsədilə Birgə Koordinasiya Komitəsinin yaradılması barədə razılığın əldə olunması olub.

Komitə iki universitetin yer aldığı birgə layihələrin hazırlanması və icrasını, ortaq elmi-tədqiqat və tədris laboratoriyalarının yaradılmasını, akademik mobillik proqramlarının həyata keçirilməsini, ikili diplom imkanlarının qiymətləndirilməsini, konfrans və seminarların təşkilini, həmçinin innovasiya və texnologiya transferi sahəsində əməkdaşlığı əlaqələndirəcək.
Bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil alan tələbələrin tərəfdaş universitetdə təhsil və tədqiqat fəaliyyətinə cəlb olunması, professor-müəllim heyətinin birgə dərslər, açıq mühazirələr və elmi araşdırmalarda iştirakı da əməkdaşlığın əsas istiqamətlərindəndir. Memorandumda bakalavr, magistr və doktorantların təhsil və tədqiqat məqsədilə qəbul edilməsi, professor-müəllim və əməkdaşların tədris və elmi fəaliyyətlərə cəlb olunması nəzərdə tutulur.

Tərəflər süni intellekt, kibertəhlükəsizlik, data analitikası, rəqəmsal transformasiya, yaşıl iqtisadiyyat və davamlı inkişaf sahələrində birgə elmi-tədqiqat layihələrinin hazırlanması barədə razılığa gəliblər. Həmçinin kompüter mühəndisliyi, biznesin idarə edilməsi, iqtisadiyyat və təhsil sahələrində bakalavr və magistratura səviyyələrində ikili diplom proqramlarının yaradılması imkanları da müzakirə olunub.


