Mingəçevirdə 8 Noyabr – Zəfər Günü münasibətilə şəhid ailələrinin, qazilərin və onların övladlarının iştirakı ilə genişmiqyaslı bayram tədbiri təşkil olunub.
Azbelediyye.az-ın məlumatına görə,“Panorama Kür” restoranında keçirilən tədbir Vətən müharibəsində qazanılmış tarixi Qələbənin altıncı ildönümünə həsr olunub.
Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra isə Vətən uğrunda (Azərbaycanın ərazi bütövlüyü və suverenliyi naminə) canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhərdə fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və onların övladları iştirak ediblər.
Tədbir çərçivəsində çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirakçıları 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib. O, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb. İcra başçısı şəhid ailələrinə dərin ehtiramını ifadə edib, qazilərə möhkəm cansağlığı, şəhid və qazi övladlarına isə xoşbəxt gələcək arzulayıb.

İlham İsmayılov çıxışında Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Ordumuzun qəhrəmanlığının tarixi Zəfərin əldə olunmasında mühüm rol oynadığını qeyd edib.
Daha sonra “Panorama Kür” restoranının rəhbəri Rəşad Bəşirov çıxış edərək tədbir iştirakçılarını salamlayıb. O, ilk növbədə şəhid ailələrini və qaziləri Zəfər Günü münasibətilə təbrik edərək, bu əlamətdar gündə onların övladları ilə bir arada olmaqdan məmnunluğunu ifadə edib. Rəşad Bəşirov Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim uca tutulmasının, onların ailələrinə və övladlarına diqqət və qayğının göstərilməsinin hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.

Tədbirin bədii hissəsi də maraqlı və yaddaqalan anlarla yadda qalıb. Mingəçevirin tanınmış müğənnilərinin ifasında səsləndirilən musiqilər, vətənpərvərlik ruhlu mahnılar, eləcə də rəqs kollektivlərinin təqdim etdiyi rəqs kompozisiyaları iştirakçılara xoş anlar yaşadıb. Şəhid və qazi övladları üçün təşkil olunan bu bayram proqramı tədbirə xüsusi sevinc və rəngarənglik qatıb.
Tədbirin əsas məqsədi Zəfər Gününün tarixi əhəmiyyətini bir daha xatırlatmaq, şəhid ailələrinə və qazilərə ehtiram göstərmək, onların övladlarına diqqət və qayğını ifadə etmək, eyni zamanda milli birlik və vətənpərvərlik ruhunu təbliğ etmək olub.
Bir daha sübut olundu ki, Azərbaycan xalqı öz qəhrəmanlarını unutmur, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiramı daim yaşadır.
8 Noyabr – Zəfər Günümüz mübarək! Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qarabağ Azərbaycandır!




Müəllif: Esmira Hidayətova