Kəlbəcərin Abdullauşağı kənd sakinlərinə meydan oxuyan kimdir?- Prezidentə ŞOK MÜRACİƏT-FOTOLAR

Kəlbəcər rayonunun Abdullauşağı kənd sakinləri Prezidentə kollektiv müraciət ünvanlayıblar. Onlar qədim tarixə malik kəndlərinə qayıdış və məskunlaşmaya mane olan qanunsuz hərkətlərlə bağlı narahatlıqlarını ifadə ediblər.

Azbələdiyyə.az saytı redkasiyaya daxil olmuş həmin müraciətin mətnini olduğu kimi təqdim edir:

    Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab  İlham Əliyevə

Kəlbəcər  rayonunun Abdullauşağı kənd sakinləri   tərəfindən

                                                                              M Ü R A C İ Ə T

   Müzəffər Ali Baş komandan!  Möhtərəm cənab İlham Əliyev!

Kəlbəcər rayonunun Abdullauşağı kənd sakinləri olaraq doğma kəndimizin qədim tarixinə, onun yaxın gələcəkdəki vəziyyətinə və bizim hər birimizin o kənd, o torpaq üzərindəki konstitusion hüquqlarımıza qarşı sərgilənən çirkin oyunlarla bağlı Sizə müraciət edirik. Öncə torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyiniz şanlı tarixi xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, Şəhidlərimizə Uca Tanrıdan rəhmət, qazilərimizə, döyüşçülərimizə sağlam həyat arzulayırıq. Əminliklə bildiririk ki, dövlətimiz, dövlətçiliyimiz naminə hər zaman Sizi dəstəkləmişik və bundan sonra da belə olacaq.

   Möhtərəm cənab Prezident,Sizə müraciət etməyimizin səbəbi bizim ulu babalarımızın, atalarımızın, özümüzün doğulduğu kəndin gələcəyinin sual altına alınmasıdır. Belə ki, hər birimizin o kənd üzərində qanunla müəyyən edilmiş hüquqlarımız olduğu halda, biz sakinlərin xəbəri olmadan, istəyi və mövqeyi nəzərə alınmadan qeyri-rəsmi qərarlar qəbul edilir. Bu da həm bizim, həm də övladlarımızın rəsmən sakini olduğu kənddə yerləşmək, yaşamaq, oranı qorumaq hüququndan məhrum etmək təhlükəsi ilə üz-üzə qoyur. Belə addımlar həm də işğaldan azad olunmuş torpaqlara qayıdışı təşviq etmir, əksinə, onu dolayısı ilə sobataj edir. Təəssüf ki, artıq bu qəbildən olan hallar müşahidə olunmaqdadır. Diqqətinizə çatdıraq ki, heç vaxt Abdullauşağı kəndində yaşamayan, o kəndin sakini olmayan, SOCAR-da işləyən İsmayılov Misir Mühiddin oğlu, Misirin bibisi oğlu,Şəkidəki banklardan birinin filial müdiri Anar və onların himayədarları bizim kəndin içində, bir vaxtlar bütün kənd sakinlərin istifadəsində olan torpaqda qeyri-qanuni şəkildə istirahət kampı qurub və maraqlıdır ki, o bu qanunsuz addımını müəyyən siyasi dairələrlə və yüksək vəzifəli şəxslərlə əlaqələndirir(təbii ki, biz kənd sakinləri olaraq buna inanmırıq). O, 11 ədəd kotec tipli istirahət kampını qurarkən ərazinin zəngin bitki örtüynə ziyan vurmaqla yanaşı, konstitusiyamızın bizə verdiyi sağlam ətraf mühitdə və təhlükəsiz yaşamaq hüquqlarımızı pozub, əxlaqi dəyərlərin qorunmasını təhlükə altında qoyub. Eyni zamanda o kəndin mülkiyyət hüquqlarına müdaxilə edib. Əvəzolunmaz tarixi şəxsiyyət, Ulu öndərimizin müəllifi olduğu Ana qanunumuzda yazılır ki,Dövlət vərəsəlik hüququna təminat verir.

Onu da diqqətinizə çatdıraq ki, yuxarıdakı bəzi yüksək vəzifəli şəxslərə arxalanan işbazlar müxtəlif yollarla kənd sakinlərinə təzyiq göstərməyə çalışırlar ki, biz  haqlı tələblərimizdən, öz doğma kəndimizi qorumaq və oraya qayıtmaq istəyimizdən əl çəkək. Axı bizim kəndin 1500 ilə dayanan qədim tarixi var,axı biz 30 il həsrətlə, min bir əziyyət çəkməklə, övladlarımızı, sağlamlığımızı qurban verməklə bu günü gözləmişik. Ancaq indi süni manelərin tördədilməsinə cəhdlər göstərilir. Bu dövlətin qorunmasında zərrə qədər xidməti olamayan, pullu və arxalı işbazları  kimsə bizim kəndin ərazisinə, oranın munbit torpaqlarına yerləşdirib milyonlar qazancaq deyə, biz ata yurdumuzdan növbəti dəfə didərgin salınmalıyıq?

  Möhtərəm cənab Prezident, hətta biz dövlətimizə kömək məqsədi ilə öz kəndimizdə evlərimizi verilən layihəyə uyğun olaraq özümüz də tikə bilərik.Yetər ki, bizi müxtəlif yollarla Ağdərənin kəndlərinə yönəldib kəndimizi boşaltmağa çalışmasınlar, oraya qayıdışımıza şərait yaradılsın, suni manelər olmasın. İnanırıq ki, yazılı müraciətlərimizin şəxsən Sizə çatmasına imkan verəcəklər. Amma bizə elə gəlir ki, hansısa Ramiz Mehdiyevsayağı gizli əllər Qarabağa, Şərqi Zəngəzura qayıdışı sobataj etməyə çalışır  və dövlətimizin yuxarı qatına reallıqdan və həqiqətən uzaq məlumatlar verirlər. Ona görə də xahişimizin biri də odur ki, cavabdeh qurumlar və məmurlar yerli insanların fikirlərini mütləq öyrənsinlər, nəzərə alsınlar. Kəlbəcərin gələcək taleyini vəzifəli fərdlər öz istəklərinə uyğun şəkildə kabinetlərdə həll etməsinlər.

Möhtərəm cənab Prezident, bütün seçkilərdə hamılıqla Sizə səs verən və bu günə kimi heç bir müxalif partiyanın üzvü olmayan Abdullauşağı kənd sakinləri olaraq Sizdən dönə-dönə xahiş edirik ki, cavabdeh qurumların yalan və əsasız məlumatlarına inanmayın.Çünki onlar öz qanunsuz əməllərini gizlətmək məqsədi ilə sakinlərin barəsində mənfi fikirlər formalaşıdırmağa çalışırlar. Biz dövlətimizi ürəkdən və təmənnasız sevən insanlar olaraq həmişə Sizin və dövlətimizin yanındayıq. Heç bir məmurun özbaşınalığı, heç bir təxribatçı qüvvə bizi dövlətçi əqidəmizdən döndərə bilməz.

Möhtərəm cənab Prezident,Sizdən ən böyük istəyimiz və xahişimiz ondan ibarətdir ki,bizim öz doğma və qədim tarixi kökləri olan kəndimizin öz ərazisində salınması və qayıdışımızın təmin olunması, o cümlədən kəndimizdə qanunsuz tikilən istirahət kampının ləğv olunması üçün rəsmi qaydada göstəriş verəsiniz.Biz kəndimizin tarixdən silinməsini istəmirik. Səsimizə səs verəcəyinizə inanırıq. Öncədən Sizə dərin təşəkkürümüzü bildiririk!

Yaşasın Azərbaycan Ordusu,yaşasın dünya şöhrətli Müzəffər Ali Baş komandan İlham Əliyev! Qarabağ, Qərbi Azərbaycan, Şərqi Zəngəzur Bütöv Azərbaycandır!

Ulu türk yurdu olan bütün Kəlbəcər torpaqları, o cümlədən, Abdullauşağı kəndi bizim qan yaddaşımız, can yaddaşımızdır!

Dərin hörmətlə,

Abdullauşağı kənd sakinləri(77 nəfər)

Kənd sakinlərinin cənab Preizdentə ünvanladığı müraciətin və imzaların fotosunu da təqdim edirik:

          

İsmayılov Misir Mühiddin oğlu tərəfindən qanunsuz qurulan “İstirahət kampı”nın fotosu:

Redaksiya olaraq bildiriik ki, aidiyyəti dövlət qurumlarının, eləcə də qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azbelediyye.az