Avropa ilə sıx əməkdaşlığımız müxalifəti niyə narahat edir?

Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm tərəfdaş kimi çıxış edir. Cənub Qaz Dəhlizi, TANAP və TAP layihələri Avropa İttifaqının enerji mənbələrinin şaxələndirilməsi strategiyasında xüsusi yer tutur. Məhz bu layihələr sayəsində Azərbaycan etibarlı tərəfdaş imicini təkcə siyasi bəyanatlarla deyil, konkret nəticələrlə təsdiqləyib. Ölkəmiz üzərinə götürdüyü bütün beynəlxalq öhdəlikləri vaxtında və məsuliyyətlə yerinə yetirərək qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Azərbaycanın Avropa ilə münasibətləri qarşılıqlı hörmətə, beynəlxalq hüquqa və bərabərhüquqlu əməkdaşlığa əsaslanır. Bu münasibətlərin iqtisadi komponenti ilə yanaşı, siyasi dialoq, regional təhlükəsizlik, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri də strateji tərəfdaşlığın mühüm istiqamətlərini təşkil edir. Belə bir şəraitdə bəzi xarici media orqanlarının Azərbaycan haqqında birtərəfli və balanssız materiallar dərc etməsi,eyni zamanda müxlif düşərgənin qərəzli, qeyri-obyektiv mövqeyi təəssüf doğurur. Azərbaycan otuz ilə yaxın işğalın ağır nəticələrini yaşamış, yüz minlərlə insan fundamental hüquqlarından məhrum edilmiş, şəhər və kəndləri dağıdılmış, bu gün də mina terrorunun acı nəticələri ilə üz-üzə qalan dövlətdir. Bu reallıqları görmədən insan hüquqları barədə birtərəfli mühakimələr yürütmək obyektiv yanaşma sayıla bilməz.
Hüquqi dövlət prinsiplərinə görə, konkret cinayət işlərinə siyasi deyil, məhkəmə-hüquq müstəvisində qiymət verilir. İstintaq və məhkəmə prosesləri başa çatmamış şəxslər haqqında qəti siyasi hökmlər çıxarmaq hüququn aliliyi prinsipinə uyğun deyil.
Əlbəttə, mətbuat azadlığı demokratik cəmiyyətin əsas dəyərlərindəndir. Lakin azadlıq peşəkarlıq, məsuliyyət və qərəzsizliklə tamamlanmalıdır. Oxucu yalnız bütün tərəflərin mövqeyi təqdim edildiyi halda obyektiv nəticə çıxara bilər. Azərbaycan haqqında beynəlxalq ictimai rəy formalaşdırmağa çalışan hər bir media orqanı bu məsuliyyəti nəzərə almalıdır. Təəssüf ki, sözügedən məqalə faktların tam mənzərəsini təqdim etmək əvəzinə, əvvəlcədən formalaşdırılmış siyasi yanaşmanı təsdiqləməyə xidmət edən təsir bağışlayır. Qərəzli mövqe nə jurnalistikanın peşə prinsiplərinə uyğundur, nə də Azərbaycan–Avropa münasibətlərinin sağlam və qarşılıqlı etimada əsaslanan inkişafına töhfə verir

Sadiq Qurbanov,

Milli Məclisin deputatı