Araşdırmaçı Jurnalist Agentliyi

Boqdan Yaremenko: “Bu, hələ müharibədə dönüş nöqtəsi deyil” – Kiyevdən ŞƏRH

43

“Rusiyanın başlatdığı müharibədə dönüş nöqtəsi Ukraynanın yekun qələbəsi və bütün işğal olunmuş ərazilərin azad edilməsi olacaq”.

Bunu Ukrayna Ali Radasının deputatı, diplomat, “Xarici İşlər Maydanı Fondu”nun rəhbəri Boqdan Yaremenko Rusiyanın kütləvi raket hücumlarına baxmayaraq, Ukrayna ordusunun əks-hücum əməliyyatı həyata keçirərək yaşayış məntəqələrini azad etməsini Oxu.Az-a şərh edərkən deyib.

“Biz başa düşürük ki, Rusiya böyük resurslara malik böyük dövlətdir. Onun əhalisi top qabağına göndərilir, amma bu, Rusiya rəhbərliyi üçün normal təcrübədir, onları nə öz tərəflərindən, nə də bizim tərəfdən qurbanlar maraqlandırmır”, – deyə o bildirib.

Millət vəkili Kiyevin cəbhədə uğurlarına baxmayaraq, bunun Ukrayna Silahlı Qüvvələrinin və bütün xalqın inanılmaz səyləri sayəsində çox baha başa gəldiyini vurğulayıb.

“Bizə Qərb tərəfdaşları kömək edirlər, silah tədarük edirlər ki, bu da bizə döyüş meydanında Rusiya ordusundan daha inamlı və hətta daha effektiv olmağa imkan verir. Bununla belə, son dönüş nöqtəsi haqqında danışmaq hələ tezdir. Baxmayaraq ki, bütün cəbhələrdə təşəbbüsün Ukrayna Silahlı Qüvvələrinə keçdiyini söyləmək ədalətli olardı, ancaq bu, qələbə deyil”, – deyə B.Yaremenko bildirib.

Rusiyanın nüvə silahı ilə bağlı hədələrinə gəlincə isə diplomat bildirib ki, Ukraynada buna fəlsəfi yanaşılır.

“Bəli, bu elə bir vəziyyətdir ki, təhlükəyə qarşı heç bir şeyimiz yoxdur. Amma başa düşürük ki, özümüzü qorxutmağa imkan verməməli və şantaja görə geri çəkilməməliyik. Biz Rusiya Federasiyasının istənilən hədə-qorxusuna baxmayaraq, ərazimizi azad etməyə davam edəcəyik”.

Politoloqun sözlərinə görə, Kiyev tərəfdaşları olan nüvə dövlətləri ilə əməkdaşlıq etməklə nüvə təhlükəsinə cavab axtarır.

“Ukrayna nüvə ölkəsi deyil, biz 90-cı illərdə Rusiyanı dünyanın 3-cü ən böyük nüvə potensialı vəziyyətinə gətirdik, hansı ki, Moskva hazırda Ukraynanın ərazi bütövlüyünü təhdid etməmək, güc tətbiq etməmək və sair kimi hüquqi öhdəliklərinə məhəl qoymayaraq bundan həyasızcasına istifadə edir. Biz dünyada belə bir anlayış görürük ki, Rusiyanın nüvə şantajına boyun əymək olmaz”, – deyə Boqdan Yaremenko sözlərini yekunlaşdırıb.

Leave A Reply

Your email address will not be published.