Araşdırmaçı Jurnalist Agentliyi

31 Mart soyqırımının görünən və görünməyən üzü

0 153
Ermənilərin Azərbaycan xalqına qarşı kütləvi qırğın və soyqırım cinayətləri xüsusi siyasi və ideoloji strategiya əsasında reallaşdırılıb. Dəfələrlə törədilmiş və uzun illər öz siyasi -hüquqi qiymətini almamış soyqırım aktları tarixin açılmamış səhifələrindən biri kimi həm Çar Rusiyası, həm də Sovet Rusiyası tərəfindən məqsədli şəkildə gizlədilib.Tarixə nəzər salsaq görərik ki, əslində son 200 ildəki milli-tarixi faciələrimizin bünövrəsi 1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri ilə qoyulub.Bununla da Azərbaycan xalqı parçalanıb, tarixi torpaqlarımız bölünüb, milli faciəmizin davamı kimi torpaqlarımız bir-birinin ardınca işğal olunub.Qısa bir müddətdə isə bu iyrənc siyasətin masşıtabını genişləndirmək və məkrli planları gerçəkləşdirmək üçün ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. Beləliklə, soyqırım siyasəti azərbaycanlıların kütləvi qətllərinə yol açmaqla, torpaqlarının işğalının da ayrılmaz bir hissəsinə çevrildi.
Ermənilərin yaranmış tarixi şəraitdən istifadə imkanlarının genişlənməsi
Birinci Dünya Müharibəsindən və Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında həyata keçirməyə nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planın icrası başlandı. Həmin günlərdə ermənilərin törətdikləri silsilə bəşəri cinayətlər Azərbaycan xalqının yaddaşına, düşüncələrinə əbədi həkk olundu. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə-türk olduğuna görə vəhşicəsinə qətlə yetirildi. Ermənilər evlərə od vuraraq insanları diri-diri yandırdılar.Qədim tarixi köklərə söykənən milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar, Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Ancaq bu vandallıq, kütləvi qırğınlar Bakı ilə yekunlaşmadı. Azərbaycanlıların soyqırımı Şamaxı, Quba qəzalarında, Göyçayda, Kürdəmirdə, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın digər bölgələrində xüsusi amansızlıqla reallaşdırıldı. Sadalanan bu ərazilərdə dinc, əliyalın, çarəsiz əhali kütləvi surətdə öldürüldü, kəndlər yandırıldı, həmçinin, milli mədəniyyət abidələri tamamilə dağıdılaraq məhv edildi. 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd yer üzündən silindi, Quba şəhəri talanlara və yanğınlara məruz qaldı, qəzanın türk, ləzgi, tat, ləzgi dilli qrız, buduğ, cek və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirildi.Təxmini hesablamalara görə, Mart soyqırımı zaman Bakıda 20–25 min, Şamaxıda 8 min, Qubada isə 6 min nəfər xüsusi qəddarlıqla öldürülüb.Salyan, Nəvahi, Lənkəran, Hacıqabul, Kürdəmir, Cavad, Göyçay və Cəbrayıl kimi bölgələrdə isə törədilən vəhşiliklərdə öldürülən insanların sayı dəqiq bilinmir.
Mart soyqırımı xarici mənbələrdə
Üç gün davam edən kütləvi qətllərinin şahidi olmuş milliyətcə alman Kulner adlı şəxs 1925-ci ildə Bakı hadisələri barədə yazmışdır: “Ermənilər müsəlman(azərbaycanlı) məhəllərinə soxularaq hər kəsi ölüdürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin amansız vəhşiliyindən qorunmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırılması bu qandonduran faktların sırasındadır.
İrəvan quberniyası, Şərur-Dərəlyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların kütləvi qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı aqronom Leonard Ramsden Hartvill “İnsanlar belə imişlər” adlı kitab yazıb. Kitabın müəllifi Ovanes Apresyanla söhbəti zamanı onun dediklərini qələmə alıb. Ovanes bildirib ki, onlar ermənilərin, rusların və ingilislərin köməyi ilə öz məqsədlərinə çatıblar. Erməni zabit Bakıda törətdikləri Mart qırğını zamanı 25 min azərbaycanlının qətlə yetirildiyini açıq şəkildə ifadə edib.
Azərbaycan Xalq Cümhuriyyətinin Mart soyqırımına siyasi qiymət vermək cəhdi
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə fövqəladə istintaq komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində, bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Hadisələrin sonrakı inkişafı və nətəciləri isə hər kəsə bəllidir…
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün milli faciələri kütləvi qırğınlarla və torpaqların zəbti ilə müşayiət olunub. Bütün bunların “drijoru” olan Rusiya (həm Çar Rusiyası, həm də Sovet Rusiyası)siyasi rejimi öz mətbəxində Azərbaycan türklərinə və bütün azərbaycanlılara qarşı hazırladığı düşünülmüş və planlı surətdə həyata keçirdiyi soyqırım siyasətini ayrı-ayrı mərhələlərdə məhz ermənilərin əli ilə reallaşıdırıb. Bu hadisələrin yalnız birinə — 1918-ci il Mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilsə də Sovet Rusiyası buna imkan verməyib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onların axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. Azərbaycanın 3-cü prezidenti, görkəmli siyasi xadim, fenomenal dövlət adamı, Ümummilli lider Heydər Əliyevin sayəsində Mart soyqırımına hüquqi-siyasi qiymət verilib və onun imzaladığı 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
P.S. Bizə qarşı törədilən soyqrımların siyahısı: Cilovluq Soyqrımı-1918, Quba soyqırımı-1918, Mart soyqırımı-1918, 21 Azər soyqırımı-1946, Sulduz qətliamı-1979, Quqark qırğını-noyabr 1988, 20 Yanvar-1990, Malıbəyli və Quşçular qətliamı-10-12 fevral 1992, Qaradağlı soyqırımı-17 fevral 1992, Xocalı soyqırımı-26 fevral 1992, Ağdaban soyqırımı-8 aprel 1992, Ballıqaya soyqırımı-28 avqust 1992, Başlıbel faciəsi-2 aprel 1993.
Jalə Həsənova,
YAP Yevlax rayon təşkilatının fəalı,
M.Ə.Sabir adına Yevlax şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Mənbə: Kanal32.az
Leave A Reply

Your email address will not be published.