“Yeni çəkilən yola tam nəzarət etmək böyük üstünlükdür. Bununla Xankəndini də nəzarətdə saxlamış olacağıq. Bəziləri deyirlər ki, Azərbaycan Ordusunun Heyvalı kəndində zərbələr endirdiyi yerlərə separatçılar yenidən gəlib yerləşə bilərlər. Sual olunur – necə? Haradan gələcəklər? Biz yeni yolu nəzarətdə saxlamaqla kimin necə gəlib-getdiyini rahatlıqla görəcəyik”.
Bunu Oxu.Az-la müsahibəsində ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
Ekspertlə Azərbaycan Ordusunun dünən həyata keçirdiyi “Qisas” əməliyyatı, həmçinin nəzarətin bərpa edildiyi yüksəkliklərin ordumuza qazandıracağı üstünlük barədə danışdıq. Müsahibəni təqdim edirik:
– Ordumuz tərəfindən həyata keçirilən “Qisas” əməliyyatı nəticəsində nəzarətə götürülən yüksəkliklərin strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?
– Erməni separatçıların Azərbaycan Ordusuna qarşı davamlı şəkildə, özü də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə həyata keçirdikləri təxribatlarına qarşı ordumuz lazımi cavabı verdi. Əməliyyatın aparıldığı yol Ağdam, Ağdərə və Kəlbəcər istiqamətinə gedən yoldur. Heyvalı kəndi uğrunda 1990-cı illərdə Azərbaycanın yüzlərlə oğulları həyatlarını qurban veriblər. Strateji əhəmiyyəti isə ondan ibarətdir ki, həm Qırxqız, həm Sarıbaba yüksəklikləri bizə Laçın şəhərindən yan keçməklə çəkilən yeni yolu tam nəzarət altında saxlamağa imkan verəcək.
– Bəs həmin yüksəkliklər ordumuza hansı üstünlüklər qazandıracaq?
– Bununla Xankəndini də nəzarətdə saxlamış olacağıq. Bəziləri deyirlər ki, Azərbaycan Ordusunun Heyvalı kəndində zərbələr endirdiyi yerlərə separatçılar yenidən gəlib yerləşə bilərlər. Sual olunur – necə? Haradan gələcəklər? Biz yeni yolu nəzarətdə saxlamaqla kimin necə gəlib-getdiyini rahatlıqla görəcəyik. Azərbaycan bundan sonra sülhməramlıların verdikləri məlumatlarla, gördükləri işlərlə yox, özünün məlumatları ilə hərəkət edəcək. Əgər orada hərbi texnika görünəcəksə, sözsüz ki, Azərbaycan tərəfi lazım olan qəti addımları atacaq. Hesab edirəm ki, həm Qırxqız, həm Sarıbaba yüksəklikləri Azərbaycan Ordusu üçün kifayət qədər imkanlar açacaq. Bundan sonra biz qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsində hansısa bir çətinliklə üzləşməyəcəyik. Çünki hər yer ovcumuzun içindədir və birbaşa özümüz nəzarət edirik.
– Azərbaycan tərəfinin dəfələrlə sərt xəbərdarlığına baxmayaraq, Ermənistan təxribatlarına davam etdi. Ermənilər 44 günlük müharibədə biabırçı məğlubiyyətdən sonra nəyə güvənərək bu cür addımlar atdılar?
– Ermənistan heç vaxt öz iradəsi ilə hərəkət etmir. Hər zaman ona ağalıq edən dövlətlərin tapşırığı ilə iş görür. Fikrimcə, bunu gizlətmək lazım deyil. Bütün bu məsələlərin arxasında birbaşa Rusiya Federasiyasının hikkəsi durur. Rusiya sülhməramlıları üstlərinə düşən əsas işi – üçtərəfli bəyanatın 4-cü bəndinin icrasını həyata keçirməyiblər. Əgər həmin öhdəlik yerinə yetirilsəydi, qan tökülməz, bu cür itkilər yaşanmazdı. Amma görünən odur ki, onlar bu işlərlə məşğul olmaq istəmirlər.
– Əməliyyatlar davam edə bilərmi?
– Mütləq şəkildə davam edəcək. Amma onun hansı müddətdə olacağını demək çətindir. Bizə bu məsələni həll etmək üçün əvvəlki kimi aylar lazım deyil. Azərbaycan Ordusu bütövlükdə Silahlı Qüvvələrimiz, komando hərbi hissələrimiz, xüsusi təyinatlılarımız, o cümlədən Dövlət Sərhəd Xidmətində olan əsgər və zabitlərimizlə bir yerdə bir həftə kimi qısa zaman ərzində rahat şəkildə lazımi işləri görüb başa çatdırmaq gücündədir. Əgər ermənilər tör-töküntülərini günü bu gündən çıxarmağa başlasalar, əməliyyatlar olmaya da bilər. Çünki həmin ərazilər Azərbaycanındır və müzakirə mövzusu deyil. Mən hörmətli Xarici İşlər Nazirliyinə bir Azərbaycan vətəndaşı və bir zabit kimi məsləhət görürəm ki, biz BMT-nin dörd məlum qətnaməsinə istinad edək. Həmin qətnamələrdə bildirilir ki, qeyri-qanuni erməni silahlı birləşmələri qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmalıdır. Biz isə yapışmışıq 2020-ci ilin 10 Noyabr bəyanatından. Bizim üstümüzə sığıyan ABŞ diplomatiyası, həmçinin Rusiya özü bu sənədə səs verib. Biz belə vacib sənədi niyə unuduruq? Əslində, bu hədəfə vurmalıyıq.
– Əməliyyatların davam etməsi fonunda proqnozlarınız nədir?
– Belə olan halda bölgədə Azərbaycana bəzi işlərdə mane olan Rusiya sülhməramlılarına “yaxşı yol!” deyəcəyik. Biz iki il müddətində əsgər və zabitlərimizi itirmişik, ona görə rus sülhməramlılarına heç “sağ ol” da düşmür. Düşünürəm ki, bu məsələ tez bir zamanda başa çatdırılmalıdır. “Qisas” əməliyyatı nəticəsində ələ keçirilən yüksəkliklər də bizə bu imkanı verir.
Aysel Aslanqızı
[ad_2]