BİR BAYRAQ HEKAYƏSİ…-VİDEO-FOTO

BİR BAYRAQ HEKAYƏSİ…

Türkiyə… Kayseri şəhəri… Türkiyənin ən böyük sənayeləşmiş şəhərlərindən biri… Yeniliyi ilə tarixinə sadiq qalan məmləkət…küçələri və mühiti özünə, yaşamına yansıdan insanları… İnsansevər insanları… Bu dəfəki Türkiyə səfərimə öncədən bir neçə şəhəri sığdırmağı düşünürdüm. Bəzilərində bir neçə dəfə, bəzilərində isə ilk dəfə idi ki, olurdum. Hər gördüyümə təkrar olduqlarıma və fəsil dəyişmə səbəbilə yeniymiş kimi baxlrdım. Ankara rəsmiliyi, Samsun müasirliyi, konservativliyi, İzmir kübarlığı, zərifliyi, Manisa tarixiliyi ilə fərqlənirdi. Kayseri isə bir ayrı dünyadır. Hər daşında, hər küçəsində əzəmət, xarakter hiss olunur. Özünəməxsus duruşu var yəni… relyef səbəbilə dağların ortasında yerləşdiyinə görə enişi-yoxuşu olmayan düz şəhərdir. Bu da onun estetik görünüşünə xüsusi özəllik verir. Təbii ki, hər məkanın təbiəti qədər insanları da özünəməxsusdur. Kayseri insanı… məndən soruşsalar onları necə xarakterizə edərsən. Heç düşünmədən deyərəm. Elə türklərin öz təbirincə desək, içi-dışı bir… Yəni olduğu kimi… istəyirsə istəyəcək, istəmirsə zorlayanmazsan… bizi çox sevirlər. Azərbaycan adı eşidən kimi həmən üzləri gülür. Əslində bu yazdıqlarım gözəl bir hekayənin müqəddiməsi idi.

Beləliklə, başladıq. Hekayəmizin qəhrəmanı Kayserinin Akçakaya kənd sakini Murat Aydın Bayrakdır. Öncəliklə qeyd edim ki, Türkiyənin Kayserinin Erciyez Universitetinə səfər edəcəkdim. Bunu duyar-duymaz Erciyez Universitetinin müəlliməsi, həmyerlimiz, vətənpərvər Əsli xanım Xəlilqızı məni evində qonaq etdi. Öz səmimiyyəti, comərdliyi ilə əsl azərbaycanlı tərzini nümayiş etdirdi. Öncədən gələcəyimi bildiyi anda Fəxriyyə qizim, gələndə bir Azərbaycan bayrağı gətir, demişdi. Mən də öz növbəmdə Turan elinin tanınmış yazar imzası Əkbər Qoşalıya müraciət etdim. O da yapmazmı? Əlbəttə ən gözəlini, ən keyfiyyətli parçadan və tikilişdən olanını təşkil etdi.

Deməli, o, Akçakaya kənd sakini Murat Aydın Bayrak öz 3 mərtəbəli evini bütün türk dünyasının qonaqlarına hədiyyə edib. Həm də rəsmi şəkildə, bələdiyyə sənədi ilə… Və adamın bir Azərbaycan sevdası da var başında. Məhz Şuşamız alınan gün Murat bəy bu əziz evinin düz başında, ən hündür yerində Azərbaycan bayrağını sevinc göz yaşları ilə ucaldır. Təsəvvür edirsiniz, evinin düz başında, tən ortasında tək Azərbaycan bayrağı dalğalanır. Və hər o bayraqdan söz düşəndə Murat bəy bu gün də göz yaşlarını saxlaya bilmir. Sevgi göz yaşlarıdı bu. Qəlbdən su içən gözünün yaşı Türkiyə-Azərbaycan adlı müqəddəs bir yolun aydın, təmiz mücəssiməsidir…

Dəyərli elqızımlz, ziyalı Əsmər xanım böyük həyəcanla, qızım, Erciyez dağından boylanan bu bayraq iqlim səbəbilə tez-tez çırılıb, rəngi solur, dedi. Və Murat bəy bundan çox narahat olur. Əlbəttə biz bu çağırışa gözümüz, başımız üstünə dedik və etdik. Bizim gətirdiyimiz bu bayraq onu o qədər xoşbəxt etdi ki…

Bizim gələcəyimizi bilən Talas belediyesi kültür müdürü Yaşar Bağrıyanık, Türk və İslam dünyası Vakfının başkanı, doktor Seyfi Şahin, Emekli öğretmen Murat Aydın və bir neçə kənd bələdiyyə nümayəndələri də bizimlə görüşdən məmnun qaldıqlarını bildirdilər. Beləliklə, hər kəs Türkiyədə bir Azərbaycan bayrağının necə dalğalandığının şahidi olub, alqışlarla müşayiət etdilər. Murat Aydın Bayrakın titrəyən dodaklarının, yaşla dolu gözlərinin ahəngində ürəyimiz Türkiyə-Azərbaycan qardaşlıq marşının döyüntülərini köksümüzdə qabardırdı.

Artıq yol… və Vətənə uzanan yol… Qürürlu xatirələrlə zəngin yol…Nə mutlu türkəm deyənə düşüncəsi ilə gələcəyə köklənən müqəddəs amala gedən yol…

Artıq hər bir azərbaycanlının köksünü qabardan “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” devizi bu günləri bizi qürurla yaşamağa sövq edir. Bu günlər- təqvimdə Zəfər günü, Dövlət Bayrağı günü və ölkəmizdə COP 29 kimi möhtəşəm beynəlxalq bir layihəyə qapı açma günləri Azərbaycan tarixinin ən parlaq səhifəsidir. Şair anam Azərbaycan, sən vüqarımsan, Nəğməmsən, şerimsən, şeriyyətimsən, Sən mənim dünənki yaralarımsan, Sən mənim bugünkü səadətimsən! (Əliağa Kürçaylı)

Fəxriyyə Lilpar İsayeva ,

Tele-rejissor, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Mənbə: Kanal32.az