Mingəçevirdə fəaliyyət göstərən MÜƏLLİMƏ SERTFİKASİYA İMTAHANINDA İŞTİRAKI ÜÇÜN 2 AY ÖNCƏ İMTAHANA BURAXILMASI BARƏDƏ ŞƏXSİ SƏHFƏSİNƏ BİLDİRİŞ GÖNDƏRİLİB. İMTAHANA 8 GÜN QALMIŞ İSƏ ONA MƏLUMAT GƏLİR Kİ, SİZ İMTAHANA BURAXILMIRSINIZ VƏ KƏNARLAŞDIRILIRSINIZ.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ciddi şəkildə qanun pozuntusu edir. Cənab baş nazir Əli Əsədovun 30 aprel tarixində imzaladığı 155 nömrəli qərarın 1.4.2-ci bəndini heçə sayır?
Bu barədə Mingəçevir şəhərində yaşayan blogger Cavid Əliyev özünün feyzbuk səhifəsində paylaşım edib.
Azərbaycan Respublikası Baş naziri cənab Əli Əsədovun 30 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş müəllimlərin sertifikatlaşdırılması qaydaları müəllimlərin hüquq və vəzifələrini aydın şəkildə müəyyən edir.
Lakin baş vermiş bir hadisə həmin qaydaların tətbiqi ilə bağlı ciddi suallar yaradır.
Müəllimə yalnız qanunvericiliklə nəzərdə tutulmuş 126 günlük analıq məzuniyyətindən istifadə edib və daha sonra öz əmək fəaliyyətinə qayıdıb. O, uşağın 3 yaşınadək sosial məzuniyyətdə olmayıb.
Buna baxmayaraq, sertifikatlaşdırma imtahanına təxminən 2 ay qalmış müəllimənin şəxsi kabinetinə imtahanda iştirak edə biləcəyi barədə bildiriş göndərilib. Müəllimə də bu məlumata əsaslanaraq hazırlıqlara başlayıb, vaxtını və enerjisini bu prosesə sərf edib.
Lakin imtahana cəmi 8 gün qalmış onun şəxsi kabinetində sertifikatlaşdırmada iştirak edə bilməyəcəyi barədə məlumat yerləşdirilib.
Bu qərar bir sıra haqlı suallar doğurur:
– İştirak hüququ yox idisə, niyə əvvəlcədən müsbət bildiriş göndərilib?
– İştirak hüququ var idisə, niyə son anda qərar dəyişdirilib?
– Qərarın hüquqi əsası nədir?
– 30 aprel 2020-ci il tarixli qərarın 1.4.2-ci bəndi bu halda necə tətbiq olunub?
Mövcud vəziyyət həmin bəndin tətbiqi ilə bağlı ciddi hüquqi müzakirələrə səbəb olur və qərarın sözügedən normaya uyğunluğu barədə əsaslandırılmış izahın verilməsini zəruri edir.
Müəllimlər dövlətə, qanuna və qəbul edilən qaydalara güvənərək fəaliyyət göstərirlər. Buna görə də onların hüquqlarına təsir edən qərarlar şəffaf, ardıcıl və hüquqi cəhətdən əsaslandırılmış olmalıdır.
Aidiyyəti qurumlardan məsələyə aydınlıq gətirilməsini, qərarın hüquqi əsaslarının ictimaiyyətə açıqlanmasını və müəllimin hüquqlarının qorunmasını gözləyirik.
Qanunların məqsədi vətəndaşın hüquqlarını qorumaqdır. Bu hüquqların necə tətbiq edildiyi isə cəmiyyət üçün ən vacib göstəricilərdən biridir.
Çox Hörmətli Mərkəzi Aran Regional Təhsil İdarəsi və Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyi sizdən RƏSMİ açıqlama gözləyirik.