“Orta güc”ə çevrilən Azərbaycan-TƏHLİL

Mayın 25-də keçirilən müşavirədə Prezident İlham Əliyevin qeyd etdiyi bir fikir də xüsusi diqqət çəkirdi. Prezident deyib ki, Azərbaycanla🇦🇿 əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.
Sitat:
“Bizim dünya miqyasında çox yüksək reputasiyamız və çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada “orta gücə” malik dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq eyni zamanda, xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik”.
Prezident Azərbaycanın artıq dünyada “orta gücə” malik dövlət kimi tanındığını qeyd edir. İlk öncə onu deyim ki, BMT🇺🇳 hansısa ölkəyə rəsmi şəkildə “sən orta gücsən” və ya “sən böyük gücsən” statusu vermir. Yəni hüquqi baxımdan belə bir rəsmi təsnifat yoxdur. Lakin siyasi elm və geosiyasi analizlərdə ölkələrin müəyyən qeyri-rəsmi bölgüsü mövcuddur.
Məsələn, ən yuxarı pillədə “supergüc” ölkələr dayanır. Bu ölkələr dünyanın istənilən bölgəsinə təsir edə bilən dövlətlərdir. Hərbi, iqtisadi, texnoloji və siyasi imkanlarının genişliyi səbəbindən qlobal sistemin istiqamətini müəyyənləşdirə bilirlər. Soyuq müharibə dövründə bu statusu iki dövlət daşıyırdı: ABŞ və SSRİ. Hazırda isə yalnız ABŞ🇺🇸 bu statusa tam uyğun gəlir. Çin🇨🇳 isə tədricən bu statusa yiyələnmək potensialına malikdir.
Bir pillə aşağıda isə “böyük güclər” yerləşir. Bu ölkələr də qlobal siyasətə ciddi təsir imkanına malikdirlər, lakin supergüc səviyyəsində dominant deyillər. Məsələn, Rusiya🇷🇺, Fransa🇨🇵, Böyük Britaniya🇬🇧 və Almaniya🇩🇪 kimi ölkələri bu kateqoriyaya aid etmək olar. Təsadüfi deyil ki, bu ölkələrin bir qismi həm də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi beynəlxalq siyasətdə mühüm çəkiyə malikdirlər. Amma supergüc
ölkələrdən fərqli olaraq bu dövlətlər qlobal sistemi təkbaşına idarə edə bilmirlər.
Son illərdə ən çox diqqət çəkən kateqoriya isə Prezident İlham Əliyevin ölkəmizi də aid etdiyi “orta güclər”dir. Orta güc dövlətləri aydın məsələdir ki, supergüc ölkələr qədər böyük deyillər. Lakin zəif dövlətlər də sayılmırlar. Hətta mən deyərdim ki, regionda siyasi balans yaratmaları, iqtisadi marşrutlara nəzarət edə bilmələri və diplomatik proseslərə təsir göstərə bildikləri üçün bəzi hallarda böyük güclər və supergüclərdən daha əhəmiyyətli rol oynaya bilirlər.
Məsələn, Türkiyə🇹🇷 diplomatik və hərbi potensialı ilə Yaxın Şərq, Aralıq dənizi və türk dünyasında ciddi təsir imkanlarına malikdir. Səudiyyə Ərəbistanı🇸🇦 isə enerji resursları, maliyyə imkanları və din amili ilə ərəb və islam dünyasında mühüm aktordur. Digər tərəfdən Braziliya🇧🇷 Latın Amerikasında regional güc sayılır.
Orta güclərin altında isə kiçik güclər və mikro dövlətlər gəlir. Bu dövlətlər əsasən regional proseslərə məhdud təsir göstərə bilirlər və təhlükəsizlik baxımından daha çox beynəlxalq ittifaqlara və böyük güclərlə münasibətlərə arxalanırlar.
Azərbaycana gəldikdə isə, ölkəmiz həqiqətən də “orta güc” statusuna malik dövlətdir. Hətta deyərdim ki, yaxın gələcəkdə “böyük güc” olmağa iddialıdır. Hər şeydən öncə rəsmi Bakı Cənubi Qafqazın demoqrafik baxımdan ən güclü ölkəsidir. Müqayisə üçün deyim ki, yaxın 200 il ərzində Azərbaycan türkləri say baxımından Cənubi Qafqazın digər etnoslarının ümumi sayından çox olub. Bu gün də Gürcüstan🇬🇪 və Ermənistanın🇦🇲 birlikdə əhali sayından Azərbaycanın əhalisi daha çoxdur. Son illərdə demoqrafik artımda müəyyən durğunluq və risklər artsa da, Bakı gələcək perspektivdə əhali artımını sürətləndirə bilsə, böyük güc olmağa daha da yaxınlaşa bilər.
Əhali sayının çoxluğu öz növbəsində hərbi potensiala da təsir edir. Azərbaycan ordusu hazırda həm texnoloji baxımdan, həm canlı qüvvə, həm də təcrübə baxımından Cənubi Qafqazın ən güclü ordusudur. Təsadüfi deyil ki, məhz bu gücə görə Bakı böyük və supergüc statusundakı ölkələrin maraqlarını pozaraq torpaqlarını işğaldan azad etməyi bacardı. Azərbaycan bu gün torpaqlarını işğaldan azad etsə də, hərbi potensialını davamlı şəkildə artırır və inkişaf etdirir. Bu artım davam edərsə, ölkəmizin böyük güc kateqoriyasına keçməsi bir qədər də sürətlənə bilər.
Azərbaycan Səudiyyə Ərəbistanı, Rusiya və İran kimi enerji resursları baxımından nəhəng potensiala malik ölkələr qədər zəngin olmasa da, iqtisadi təsir yaradacaq qədər gücə sahibdir. Məsələn, Azərbaycan bu gün Avropanın🇪🇺 10-dan artıq ölkəsinə qaz ixrac edir. TANAP və TAP layihələri Bakının son illərdəki geosiyasi və geoiqtisadi təsirini artıran iki mühüm layihədir. Rusiya🇷🇺–Ukrayna🇺🇦 müharibəsi və İran🇮🇷–ABŞ🇺🇸 gərginliyinin yaratdığı enerji çatışmazlığı Bakının bu sahədəki yerini daha da möhkəmləndirib. Gələcək perspektivdə Xəzər dənizində və ölkənin quru ərazilərində yeni neft-qaz yataqları aşkarlanarsa, enerji satışı həyata keçirilən ölkələrin sayı da arta bilər. Bu isə həm iqtisadi artım, həm də diplomatik təsir deməkdir. Böyük güc olmaq üçün bu faktor həyati əhəmiyyət daşıyır.
Son olaraq isə Azərbaycanın diplomatik sferadakı nüfuzu son illərdə ən çox artan sahələrdən biridir. Hətta deyərdim ki, Bakının etdikləri orta güc dövlətlər üçün belə artıq səviyyədədir. Məsələn, Bakı son illərdə mühüm tədbirlərə ev sahibliyi edir. Bundan başqa, bir çox mühüm beynəlxalq siyasi görüşlər də ölkəmizdə keçirilir. Müxtəlif region ölkələrinin dövlət və hökumət başçıları ardıcıl şəkildə Azərbaycana səfər edir, Azərbaycan Prezidentini öz ölkələrinə dəvət edirlər.
Mənim diqqətimi çəkən isə qeyri-rəsmi görüşlərdir. Məsələn, Türkiyə🇹🇷–İsrail🇮🇱, İsrail🇮🇱–Suriya🇸🇾, İran🇮🇷–İsrail🇮🇱 danışıqları və görüşlərinin Bakının vasitəçiliyi ilə baş tutmasına dair məlumatlar var. Gələcəkdə isə İran–İsrail, Türkiyə–İsrail, Rusiya–Ukrayna danışıqları məhz Bakıda baş tuta bilər.
Nəticə etibarilə, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan orta güc ölkədir. Lakin gələcək perspektivdə böyük güc olmaq üçün imkanları və potensialı da mövcuddur.
Müəllif: Turan Rzayev