28 May Müstəqillik Gününün İdeoloji Əhəmiyyəti

28 May Azərbaycan xalqının siyasi taleyində yalnız tarixi hadisə deyil, həm də milli dövlətçilik fəlsəfəsinin formalaşdığı dönüş nöqtəsidir. 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi Şərqdə ilk parlamentli demokratik respublikanın yaranması ilə nəticələndi. Bu hadisə Azərbaycan xalqının milli kimlik, dövlətçilik, suverenlik və modernləşmə ideallarını vahid siyasi sistem daxilində ifadə etməsinə imkan yaratdı. Bu tarix milli ideologiyanın, siyasi legitimliyin və strateji dövlət təfəkkürünün əsas sütunlarından biri kimi çıxış edir. Müasir Azərbaycan dövlətçiliyinin ideoloji kökləri də məhz 28 May tarixinin siyasi irsindən qidalanır.
Milli Dövlətçilik İdeyasının Formalaşması
XX əsrin əvvəllərində imperiyalar arasında bölünmüş türk-müsəlman xalqları üçün milli dövlət yaratmaq ideyası son dərəcə mürəkkəb və riskli proses idi. Belə bir tarixi şəraitdə Nəsib bəy Yusifbəyli,Məmməd Əmin Rəsulzadə və onların silahdaşları milli dövlət konsepsiyasını siyasi reallığa çevirməyə nail oldular.
Azərbaycan Xalq Cümhuriyyəti üç fundamental prinsip üzərində qurulmuşdu: milli suverenlik, xalq hakimiyyəti və hüquqi-demokratik idarəçilik. Bu model Şərq siyasi düşüncəsində yeni mərhələ yaratdı. Çünki həmin dövrdə regionun əksər ölkələrində monarxik və avtoritar sistemlər hakim idi. Azərbaycan isə parlamentli respublika modelini seçərək siyasi modernləşmənin qabaqcıl nümunəsinə çevrildi. Bu baxımdan 28 May tarixi milli dövlətçilik şüurunun siyasi formaya keçidi, imperiya asılılığından çıxış manifesti və milli özünüdərk prosesinin zirvəsi hesab edilir.
İdeoloji kontekstdə 28 Mayın əsas sütunları:Milli kimlik və siyasi millət konsepsiyası
28 May ideologiyasının ən mühüm cəhətlərindən biri etnik və dini fərqlərdən üstün olan siyasi millət anlayışını formalaşdırması idi. Azərbaycan Xalq Cümhuriyyəti müxtəlif xalqların və dini qrupların hüquqlarını tanıyaraq vətəndaş əsaslı dövlət modeli yaratmağa çalışdı. Bu ideya müasir Azərbaycan dövlətçiliyində də öz aktuallığını qorumaqdadır. Dövlətin milli birlik siyasəti, multikultural yanaşması və vətəndaş həmrəyliyi konsepsiyası müəyyən mənada Cümhuriyyət ənənəsinin davamı kimi dəyərləndirilməlidir.
Türkçülük, Müasirlik və İslam Həmrəyliyi
Cümhuriyyət ideologiyası bir neçə istiqamətin sintezindən ibarət idi:
-Türk milli kimliyi;
-Avropa tipli modern dövlət modeli;
-İslam mədəniyyətinə bağlılıq.
Bu sintez Azərbaycan siyasi düşüncəsində balanslaşdırılmış milli ideologiyanın əsasını qoydu. Həmin dövrdə milli elita həm Şərqə, həm də Qərbə açıq siyasi xətt yürütməyə çalışırdı. Müstəllik tarixinin ideologiyası radikal dini dövlət modelini deyil, dünyəvi və hüquqi dövlət konsepsiyasını müdafiə edirdi. Bu, Azərbaycanı regionda fərqləndirən əsas amillərdən biri oldu.
28 May və Müasir Azərbaycan Dövlətçiliyi
Müasir Azərbaycan Respublikası öz siyasi legitimliyini yalnız 1991-ci ildəki müstəqilliyinin bərpası ilə deyil, həm də Azərbaycan Xalq Cümhuriyyəti irsi ilə əlaqələndirir. 1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyi bərpa edilərkən, üçrəngli bayraq, dövlət atributları, parlamentçilik ənənəsi və milli dövlətçilik ideyası birbaşa Cümhuriyyət mirasından götürüldü. Bu siyasi xətt xüsusilə görkəmli siyasi xadim Heydər Əliyev dövründə sistemli dövlət ideologiyasına çevrildi. Sonrakı mərhələdə isə müstəqil dövlətçilik konsepsiyası geosiyasi realizm, milli təhlükəsizlik və regional liderlik siyasəti ilə tamamlandı.
Geosiyasi və Strateji Mesajı
1918-ci ilin 28 may hadisəsi təkcə daxili siyasi hadisə kimi qiymətləndirilmirdi. Bu tarix həmin dövr üçün beynəlxalq sistemə verilmiş mühüm geosiyasi mesaj idi:
-Azərbaycan xalqı müstəqil siyasi subyektdir;
-regionun gələcəyində söz sahibidir;
-milli maraqlar əsasında dövlət qurmağa qadirdir.
1918-ci ildə yaranan dövlətin ömrü qısa olsa da, onun ideoloji təsiri uzunmüddətli oldu. Sovet dövründə belə milli dövlətçilik yaddaşı tamamilə silinmədi,əksinə, gizli şəkildə yaşadıldı.Bu kontekstdə hazırda Azərbaycanın regional siyasətində, suverenlik məsələsinə həssas yanaşma, balanslaşdırılmış xarici siyasət, milli təhlükəsizlik prioritetləri və türk dünyası ilə inteqrasiya kimi istiqamətlərdə 28 May ideoloji irsinin təsirləri açıq görünür.
Müstəllik Tarixi və Milli Yaddaş Siyasəti
Müstəqillik Gününün ideoloji gücü onun kollektiv yaddaş funksiyası ilə də bağlıdır. Dövlətçilik ənənələrinin yaşadılması milli psixologiyanın formalaşmasında mühüm rol oynayır. Bu baxımdan 28 May tarixi legitimlik simvoludur, milli müqavimət ruhunun göstəricisidir və gələcək nəsillər üçün siyasi identiklik məktəbidir. Bu tarix xalqın dövlətlə münasibətini emosional və ideoloji səviyyədə gücləndirir. Dövlətçilik yalnız inzibati sistem deyil, həm də milli-mənəvi dəyər kimi qəbul olunur.
   Bir sözlə,28 May Müstəqillik Günü Azərbaycan tarixində sadəcə bir dövlətin yaranma günü deyil; milli ideologiyanın, siyasi müstəqillik düşüncəsinin və modern dövlətçilik fəlsəfəsinin başlanğıcıdır. 28 May Müstəqillik Günü Azərbaycan xalqının azadlıq iradəsini, milli özünüdərkini, siyasi yetkinliyini və qədim ənənləri olan dövlət qurmaq qabiliyyətini ifadə edən fundamental tarixi-siyasi hadisədir. Bu gün 28 May həm keçmişin mirası, həm də gələcəyin strateji istiqamətidir. Onun ideoloji mahiyyəti Azərbaycan dövlətçiliyinin davamlılığını, milli birliyini və siyasi suverenliyini qoruyan əsas sütunlardan biri kimi qəbul edilməlidir.
Aygün Qasımova,
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru, N.Gəncəvi adına Azərbaycan Ədəbiyyatı muzeyinin doktorantı